Yazıçı üçün mövzu axtarmaq qədər absurd bir düşüncə ola bilməz. Qələm adamı üçün dünya başdan-başa mövzulardan ibarətdir. Mövzular ətrafımızda dolaşır və heç vaxt tükənmir, həyat davam etdikcə onlar da bir-birini əvəz edir, köhnəlir, yenilənir.
İngilis yazıçısı Malkolm Qladvelin bu günlərdə bir essesini oxudum. “Ketçup dilemması”. Və heyrətə gəldim. Ketçup haqqında o qədər maraqlı və əhatəli esse yazıb ki, yazı birnəfəsə oxunur. Ketçupun yaranma tarixi, mənşəyi, dünya bazarına yol tapması, onun hazırlanma texnologiyası üzərində aparılan işlər - bütün bu proseslər hekayəvari bir dillə nəql olunur. Düşündüm ki, məsələn, narşərab haqqında necə hekayə yazmaq olar ki, bu qədər maraqlı olsun? Gündəlik həyatın arxasında gizlənən heyrətamiz hekayələri sadəcə, görmək lazımdır.
Qladvelin esselərində süjet xətti var, onlar həm də hekayə kimi oxunur. Bu narrativlər adi görünən hadisələrə müxtəlif məna donu biçir. Bu da yazarın yanaşma tərzindən asılıdır. Hadisələrə, nəsnələrə fərqli baxış bucağından, fərqli rakursdan yanaşmaq və onlarda görünməyəni görmək bacarığı xüsusi istedad tələb edir. Bu baxımdan Qladvelin hekayə-esseləri yeni yazmağa başlayan gənclər üçün istiqamətləri nişan verir.
Düşüncə hərəkətverici qüvvədir. Bodriyar yazırdı ki, düşüncəsini itirmiş insan kölgəsini itirmiş kimidir. Düşüncə kompas kimidir, səni hədəflərinə çatdıracaq. Bütün ideyalar düşüncə sayəsində gerçəkliyə qovuşur. Yazı-mətn insan ruhunun tapmacalarından ibarətdir. İnsanın gördüyü istənilən əşya mətnə çevrilə bilər. Bunun üçün insanlıq uzun bir yol keçib. Eramızdan əvvəlki dövrdə insanlar müxtəlif növ əşyaları ayırd etmək üçün gil nişanlar üzərində işarələr qoymağa başladılar. Məhz bu gil lövhələrə cızılan işarələrdən ibarət yazı sistemi inkişaf etməyə başladı. Bu, mixi yazı adlanır. Həmin işarələr müasir yol nişanlarına bənzəyir. İki min ildən çox müddətdə bu yazı növündən istifadə edilib. Mixi yazı dünyanın ilk yazı sistemi hesab olunur. Hələ o zamanlar qədim insanlar əşyaları mətnə çeviriblər. Misir piramidalarının divarlarındakı yazıları xatırlayın.
Bütün bunlar bəlli həqiqətlərdir. Ona görə xatırladıram ki, insanın gördüyünü yazıya çevirmək ehtirasının nə qədər qədim olduğunu, tarixin uzaq dərinliklərindən gəldiyini, təbii instinktin təzahürü olduğunu bir daha yada salım. Bu günün şairlərinin şeirlərinə nəzər salanda onların nə qədər məhdud dairədə vurnuxduğunu görüb təəccüblənirsən. “Ölüm”, “darıxmaq”, “ayrılıq”, “nisgil”, “hicran”... Şeir yazanlar yalnız bu sözləri istismar etməklə məşğuldurlar. Prozada trafaret düşüncə adamı usandırır, sürtülmüş ifadə vasitələri ürək bulandırır. Buna səbəb nədir? Mütaliənin azlığı. Yazırlar, ancaq mütaliə etmirlər, düşüncənin hüdudlarını genişləndirmək ağıllarının ucundan da keçmir. Kiminsə başına ağıl qoymaq kimi bir niyyətim yoxdur. Ancaq ortada olan mətnlərdən çıxış edərək bu qənaətə gəlmişəm ki, bizim yazarların mövzu dairəsi olduqca məhduddur. Hədsiz dərəcədə.
Tolstoy qəzetdə bir faciəvi xəbər oxumuşdu və o xəbər ona o qədər təsir etmişdi ki, nəticədə “Anna Karenina” romanı yarandı. Bu gün internet portallarındakı informasiya axını qarşısında yazıçılar tam laqeyddirlər. İnanılmaz hadisələr baş verir, bu informasiyaların hərəsi bir povestin, hekayənin, romanın qəhrəmanıdır. Di gəl, bütün bunlar ədəbiyyatda öz əksini tapmır. Əlbəttə, şərt o deyil ki, yazıçı elə oxuduğu informasiyadan hekayə yazmalıdır, xeyir. Sadəcə, bu da yazıçı üçün bir qida mənbəyinə çevrilə bilər. Dar çərçivədən çıxmaq hələ ki, bizim yazarlara müyəssər olmayıb.
Göghan Ərgür müasir türk ədəbiyyatında özünəməxsus yeri olan yazıçılardandır. Onun “Toy dəvətnaməsi” adlı bir hekayəsi var, hekayədə nə toy, nə də dəvətnamə var, toy sadəcə, metaforadır. Dünya insana toy tutur...
Gəl indi bunu yaz görüm, necə yazırsan... Ustalıq burda üzə çıxır.