Hiss edirəm ki, onunla tanışlıqdan sonra həyatımın yeni bir mərhələsi başlayıb. Bəzi istisnalarla, demək olar ki, hər gün görüşürük. Mən onun təklifi ilə üç pyes yazmışam. Bu pyeslərdən biri Bakı Bələdiyyə Teatrında tamaşaya qoyuldu, digəri hal-hazırda Akademik Milli Dram Teatrında hazırlanır, məşqləri gedir, o biri pyes də çox güman ki, yaxın zamanlarda öz səhnə həllini tapacaq. Bu dövr həyatımın teatr mərhələsi kimi mənim üçün tamamilə yeni üfüqlər, yeni imkanlar açdı. Mən pyes yazmağın incəliklərini ondan öyrəndim. O, heç vaxt hansısa ali təhsil ocağında dərs deməyib, amma aktyorlar da, rejissorlar da, elə mən də onu özümüzə Ustad sayırıq. Onunla hər söhbət mənəvi qidadır, onun fikirləri, düşüncələri mədəniyyət hadisəsidir.
Söhbət Xalq artisti, Azərbaycan rejissor məktəbinin görkəmli nümayəndəsi Mərahim Fərzəlibəyovdan gedir. Teatrla yaşayan, nəfəs alan, həyatın bütün sevinclərini yaradıcılıqda görən və tapan bu insan üçün səhnə, məşq zalı sanki ucsuz-bucaqsız bir okeandır. O, bu okeanda öz yaradıcı fantaziyalarını şövqlə, entuziazmla gerçəkləşdirməklə məşğul olur və bu məşğuliyyətdən sonsuz dərəcədə bəxtiyar olur. Mən bu prosesi dəfələrlə müşahidə etmişəm və onun çevik təfəkkürünə, tamaşa üzərində, aktyorlarla iş metoduna, səhnə dilinin sərhədsizliyinə sözün əsl mənasında heyran olmuşam. Yüzlərlə tamaşaya quruluş verib, filmlər, teletamaşalar çəkib. Amma bu gün də hər gün mütaliə edir, axtarır, öz yaradıcılıq bioqrafiyasına yeni-yeni tamaşalar əlavə edir.

Bu sətirlərin müəllifi onun haqqında “Mərahim Fərzəlibəyov formulu” adlı monoqrafiya qələmə alıb. Yəqin ki, yaxın zamanlarda kitab oxucuların, teatrsevərlərin ixtiyarına veriləcək. Bundan əlavə, mən onun haqqında iki kitab tərtib etmişəm: “Səhnəyə sığmayan arzular” və “Taleyin sayrışan ulduzları”. Bu kitablarda onun sənət taleyi, hazırladığı tamaşalar haqqında fikirlər, düşüncələr geniş yer alır. Ona görə bu qısa yazıda Mərahim müəllimin rejissor fəaliyyəti haqqında geniş danışmağa lüzum görmürəm. Biz hər dəfə çay süfrəsi arxasında görüşəndə söhbət Esxildən, Sofokldan, Şekspirdən başlayıb İlyas Əfəndiyevə, Elçinə qədər geniş bir dairəni əhatə edir. Onun şifahi söhbətləri gənc nəsil aktyorlar üçün əyani dərs vəsaitidir. Onun qədər dünya dramaturgiyasına bələd olan ikinci bir şəxs tanımıram. Kimlərsə bu fikrə dodaq büzə bilər. Lakin Mərahim müəllimin oxuduğu kitabların mövzu dairəsi o qədər genişdir ki, mən inanmıram ki, hansısa rejissor bu “əziyyətə” qatlaşmağı özünə rəva görsün. Kitabxanasında Nizaminin, Axundovun, Freydin, Nitşenin, Hötenin, Bayronun, Berqmanın, Kreqin, A. Müllerin, Meyerholdun, Brextin kitabları sıra ilə düzülüb və o, hər gün mütaliə edir. Çantasında həmişə kitab görmək olar. Və biz oxuduğumuz əsərləri birlikdə müzakirə edirik. Mən ondan çox mətləbləri öyənirəm. Onun tövsiyəsi ilə xeyli filmlərə baxmışam və heç vaxt peşman olmamışam.
Mərahim müəllim tamaşaya qoyacağı əsəri oxuyub mənimsəyir, sonra onun səhnə həlli, forması haqqında günlərlə, saatlarla düşünür, qeydlər aparır. Əsərin ideyasını, məqsədini, aktyorların oyun üslubunu müəyyənləşdirir. Sonra məşqlər başlayır, tamaşa tədricən, gözünün qabağında ətə-qana dolur, canlanır, nəfəs alır. O, çoxqatlı mizanlar verməyin ustasıdır. Mizan riyazi dəqiqlik tələb edir, azacıq səhv tamaşanın ümumi tempinə xələl gətirə bilər və bu baxımdan Mərahim müəllim verdiyi mizanların mexanizmini dəqiqliklə hesablayır və aktyordan da bu dəqiqliyi tələb edir. Mən çox xoşbəxt insanam ki, bu sehrli prosesin dəfələrlə canlı şahidi olmuşam və Mərahim müəllimlə yaradıcı iş birliyimiz bu gün də davam edir.
Sənətkarın doğum günüdür. Bu yazını də təbrik əvəzi yazdım. Mərahim müəllim hal-hazırda Akademik Milli Dram Teatrında Balzakın “Atılmış qadın” tamaşasına quruluş verir. Tamaşa Jakın monoloqu ilə başlayır. Bu obrazı Xalq artisti Əli Nur canlandırır. Aktyor əzəmətli səsi ilə tamaşaçılara xitab edir və sonda söyləyir: “Hər şey yaxşı olacaq! Hər şey yaxşı olacaq! Hər şey yaxşı olacaq!”
Və tamaşa başlayır.
Mən də bütün qəlbimlə inanıram ki, hər şey yaxşı olacaq. Bu tamaşa da Mərahim müəllimə, eləcə də teatrımıza uğur gətirəcək. Doğum gününüz mübarək, Ustad!
