Xalq artisti Şəfiqə Eyvazova sənətinə ötəri baxış
Pəncərədən yağışa baxırdım... Çiskin, duman hər tərəfi bürümüşdü. Kəndə getməliydim - əfsanəvi sənətkar Şəfiqə xanım Eyvazovanın görüşünə...
Hava müsaid deyildi. Amma getməliydik! Bu fürsəti heç cür qaçırmaq olmazdı. Uzun müddətdi ki, Şəfiqə Eyvazova orbitində dolaşmaqdaydım...
Beləcə, həyat yoldaşım İlhamə xanımla yola çıxdıq. Yağış Buzovnaya qədər bizi müşayiət etdi. Ötən görüşlərimizdən birində Şəfiqə xanımın danışdığı kiçik, kədərli xatirə yaddaşımdan boy göstərdi. Qışın oğlan çağında Dağlı məhəlləsində yeniyetmə bir qızın dərsdən qayıdarkən ayaqqabısının altı qopur və o, evə çatarkən artıq ayaqları buz kimiydi... Keçmişə boylananda bu olmuşlar insanda kədərli təbəssüm yaradır. Arif müəllim isə bütün bu çətinliklərə, sərt dolanbaclara bir az nikbinliklə yanaşır və deyir:
- Bax, əsl həyat budur!
Biz o yağışlı gündə bu mənalı və şərəfli sənətkar ömrünün kitabını vərəqləməyə gedirdik. Biz elə bir ailəyə qonaq gedirdik ki, bu evdə üç böyük sənətkar yaşayır. Xalq artisti Şəfiqə xanım Eyvazova, Əməkdar incəsənət xadimi, professor Arif Əsədullayev, bir də bu ailədə yetişmiş daha bir kaman ustası Mehri Əsədullayeva. Necə sevinməyəsən, necə öyünməyəsən! Bu insanlar həmişə bizim evin ən əziz adamları olublar. Anam öz qardaşı oğlu ilə - Ariflə hər zaman fəxr edib, hər dəfə onu efirdə görəndə qürur hissi keçirib. Onların bizə hər gəlişi evimizdə toy-bayrama çevrilirdi və o təəssüratlar uzun müddət bizi tərk etmirdi. Şəfiqə xanımın doyulmaz söhbətləri, Ariflə bibisinin məhrəm, bibi-qardaşoğlu ünsiyyəti, uşaqların - Nəsrinlə Mehrinin körpə çağları... Hamısı gözümün önündədir. Anamın Mehriyə kükü bişirməyi öyrətməsi də xatirimdədir. Şəfiqə xanımın Səmərqənd səfərindən qayıdarkən anama mirvari boyunbağı gətirməsi də yadımdadır. Çox şeylər yadımdadır və mən indi uzaq keçmişdə qalmış o munis günləri bir nisgil və xiffətlə xatırlayıram. Yəqin ki, bu yazı boyunca o günlərə dəfə-dəfə qayıdacağam. İndi isə qayıdaq bu günümüzə...
Təqvimin günləri Buzovnada vərəqlənir. Bu ailənin qonaqpərvərliyi haqda ayrıca danışmaq lazım gəlir. Şəfiqə xanımın bişirdiyi Bakı küftəsinin ətri həyəti bürümüşdü.
Biz istəyirdik ki, elə bu vaxtın çərçivəsində qalaq, dadlı təamlarla bəzənmiş süfrə arxasındakı şirin söhbətlər heç bitməsin. İnsan belə anlarda vaxt anlayışının necə şərti, mövcud şəraitdən asılı olduğunu görür. Bəzən də sadəcə, ovqatdan, içindəki ab-havadan, ətrafında sayrışan rənglərdən...

Şəfiqə Eyvazova
Şəfiqə xanım adına bənzəyib. Axı onun adının mənası şəfqətli deməkdir. Bu gün də belədir, sabah da belə olacaq - istəkli, şəfqətli, mehriban, məlahətli... Seçdiyi sənətin ustası olmaq, birincilərin birincisi olmaq, daim şöhrətin zirvəsində olmaq və heç vaxt büdrəməmək çox çətin qazanılan bir xoşbəxtlikdir. Bu mənada Şəfiqə xanım müstəsna sənətkarlardandır. Yalnız səhnədə, kamera qarşısında olanda deyil, sadə insanların əhatəsində olanda da o, özünü daim kamera qarşısında, səhnədə olan kimi ləyaqətli, nümunəvi aparıb. Sənətin arxasında insanın fenomenal şəxsiyyəti məskunlaşıb. Sənətkarı xalqa sevdirən həm də bu vacib xüsusiyyətidir.
Ömrü boyu və bu gün də onun içərisində müdam bir cavabdehlik duyğusu nəbz kimi vurub və vurur - heç vaxt dilə gətirməsə də, yaxşı anlayır ki, o, Azərbaycan kaman ifaçılığının simvollarından biri kimi qalır və qavranılır. O, həmişəyaşıl ağaclar kimi bu gün də öz cazibəsini qoruyub saxlayır və içindəki sənət eşqi bəlkə əvvəlkindən də artıqdır. Bütün bu komponentlər Şəfiqə xanımın bir sənətkar kimi varlığını təsdiqləyən mühüm keyfiyyətlərdir.
Biz həmin gün aramsız yaz yağışı altında sözün əsl mənasında UNUDULMAZ bir gün yaşadıq! Müqəddəs bir ocağın başına toplaşmışdıq; Şəfiqə xanımın qızları Nəsrin, Mehri, nəvələr...
İki müqtədir sənətkarın xatirələrini dinləmək həm də musiqi mədəniyyətimizin son 60 illik tarixinə bir nəzər salmaq deməkdir. Onlar bu tarixi yaradanlardandır...
Gecədən xeyli keçənə qədər davam edən bu söhbətləri gələcək nəsillərə ötürmək üçün diktofonu bəri başdan işə salmışdım...
Sənət insan həyatını yüngülləşdirməyə xidmət edir. Musiqi insanı ekzistensial kədərdən xilas edir, ona ümid bəxş edir. İnsan qulağında havanın ən kiçik dalğalanması təsiri ilə titrəyən elastik pərdə arakəsmə var, o beyinə enerji impulsları ötürür. Onun sayəsində beyin səs mənbəyini müəyyən edə bilir və o ahəngi ürəyə ötürür. Ahəng qanunu olmadan biz musiqidən danışa bilmərik. Həm musiqidə, həm də həyatda ahəng qanunu göstərir ki, uyğunluq və tarazlıq gözəllik və sabitlik yaradır. Təsəvvür edin, musiqisiz kainat nə qədər sönük və cansıxıcı görünərdi.
İnsanlar zamanla musiqi alətləri icad ediblər. Hisslərini barmaqların təması vasitəsilə cansız alətə ötürüblər, o alətlər insanların duyğularının ifadəçisinə çevrilib. Möcüzə deyil, bəs nədir?!
Kamança həmişə kişilərin əlində olub, onu kişi ifaçılar dilləndiriblər. Azərbaycanda ilk qadın kaman ifaçısı olmaq qisməti Şəfiqə Eyvazovanın tərcümeyi-halına yazılıb. Bu fakt onu müstəsna edən cəhətdir. Şəfiqə xanımınn uşaqlıqdan kamana böyük həvəsi olub, atası Alxas kişi ona kaman alıb və o da qəlbinin bütün odunu, hərarətini ona bəxş edib. Danışır ki, “bir gün atam dedi ki, gəl, səni aparım filarmoniyaya. Orda mənə göstərib dedi ki, qızım, istəyirsən səni qoyum kamançaya? Dedim istəyirəm. İndi bilmirəm doğrudan istəyirdim, ya yox”.
Əmisi buna etiraz edib, deyib ki, qız nədir, kamança nədir? Dağlı məhəlləsinin özünün yazılmamış qanunları vardı, qız uşaqlarına qarşı sərt qadağalar vardı. Amma atası Şəfiqəyə dəstək olur, onu kamança sinfinə qoyur.
Sənətin nahamar yollarında kaman onun ən yaxın sirdaşı, həmsöhbəti, həyanı olub. Tale yollarında qoşa addımlayıblar və elə ömür-gün yoldaşını da bu sənətdə tapıb. Kamança Ariflə Şəfiqəni birləşdirib və Arif ona təkcə həyat yoldaşı deyil, sənətdə ən etibarlı dayağı, həmdəmi olub. Birlikdə kamançada sevgi təranələri ötüblər. Sənətə bağlı bu ömrün içində o qədər fərəhli, sevincli günlər olub ki!.. Bir-birlərinin uğurlarına seviniblər, bir-birlərinə dəstək olublar. Birgə sənət axtarışlarında, kamilləşmə mərhələlərində keçib bu ömür.
Şəfiqə xanım hələ gənc ikən dünyanın bir çox ölkələrində olub, Azərbaycan musiqisini ləyaqətlə təmsil edib. Daim ciddi yaradıcılıq axtarışları aparmış novator sənətkarın musiqi xəzinəmizi zənginləşdirən həzin və əsrarəngiz ifaları Azərbaycan mədəniyyətinə sanballı töhfədir. Onun ifaçılığı milli musiqi salnaməsində müstəsna yer tutur. Təkrarolunmaz ifaçılıq məharəti, mənəvi aləmə nüfuz etmək bacarığı və yüksək səhnə mədəniyyəti Şəfiqə xanımın qüdrətli sənətini musiqi bilicilərinə və saysız-hesabsız muğam pərəstişkarlarına sevdirib. Bu gün musiqimizdə kaman ifa edən qadınlar, qızlar kifayət qədərdir. Amma ötən əsrin 60-cı illərində bu yolu məhz Şəfiqə xanım açdı. Unudulmaz bəstəkarımız Vasif Adıgözəlov Asəf Zeynallı adına Musiqi Məktəbində qızlara deyirmiş ki, siz Şəfiqənin çörəyini yeyirsiniz.
Onun sənət taleyində mərhum tarzən Əhsən Dadaşovun böyük rolu olub. Əhsən müəllim ona tez-tez solo ifalar verirmiş ki, sənətdə özünü göstərə bilsin. Şəfiqəni geniş tamaşaçı kütləsinə tanıdan da Əhsən Dadaşov olub. Asəf Zeynallı adına Musiqi Məktəbinə gəlib, onun ifasını görüb, bəyənib və bu qızcığazı özünün yaratdığı ansambla dəvət edib. Beləcə, dağlı qızının sənət ulduzu parlamağa başlayıb.
Çox incə bir məqam var; tamaşaçı çox vaxt sənətkara sifarişçi pozisiyasından yanaşır, yəni mənim istədiyimi mənə ver. Şəfiqə xanım o sənətkarlardandır ki, onun öz dinləyiciləri var və o, dinləyicilərini zamanla yetişdirib, onlarda musiqi mədəniyyətinin formalaşmasında əməklər sərf edib. Klassik musiqimizin təbliğində, tamaşaçı zövqünün püxtələşməsində bu qəbil sənətkarların xidmətləri ölçüyəgəlməzdir. Mədəniyyət şəbəkəsində kamançanın yerini müəyyənləşdirən sənətkarlardandır Şəfiqə xanım.
Səsin əti yox, qanı yox, gözə görünmür, amma səssiz cahan müdhiş və qorxunc görünərdi. O var, insan səsi varlığın ifadəsi üçün kifayət etmir, insan öz duyğularını ifadə etmək üçün müxtəlif üsullar axtarıb tapıb. Musiqi alətləri əlahiddə bir linqvistikadır. Bu alətlər içərisində isə insan səsinə ən çox bənzəyəni məhz kamançadır. Kamança sanki enerji diaqramını vizuallaşdıran sehri çubuqdur. Xəfif bir toxunuşdan çoxsaylı vibrasiyalar yaranır, insan hisslərinin mozaikası təcəlla edir, enerji müxtəlif cür illüziyalar doğurur. Mən Şəfiqə xanımın ifalarını dinləyəndə belə qanadlı düşüncələrə dalıram və tezcənə qeyd dəftərçəmə yazıram ki, bu fikirlər kəpənək kimi uçub getməsin, qeybə qarışmasın.
Musiqini insan niyə dinləyir? Emosional həzzin zirvəsinə çatıb xoşbəxt olmaqdan ötrü. Musiqi ruha xitab edir. Edə bilirsə, demək, bu, sənətkarlıqdır. Şəfiqə xanım məhz belə böyük sənətkarlardandır. Qarşıdan onun yubiley yaşı gəlir. Bu yazı da həmin yubiley üçün bir proloq olsun. Əlbəttə, bu yazıların davamı gələcək. Düşünürəm ki, onun ifaçılıq sənətimizdəki uzun illik fəaliyyəti mütləq tədqiqata cəlb olunmalıdır.