Advert
Advert

Zəngəzur dəhlizinin açılması üçün daha əlverişli şərait yaranıb

Tarix:
Zəngəzur dəhlizinin açılması üçün daha əlverişli şərait yaranıb
Reklam

“Zəngəzur dəhlizinin açılmasının İran, Rusiya və ya digər dövlətlərlə birbaşa əlaqəsi yoxdur. Bu, Ermənistan ərazisindən keçən müəyyən bir zolaqdır. Ermənistan da həmin hissədən avtomobil və dəmir yolunun keçməsinə icazə verib. Üstəlik, tikinti işlərini ABŞ şirkətlərinə həvalə edib. İnvestisiya qoyuluşu, tikinti və təhlükəsizlik kimi məsələlər də Amerika ilə razılaşdırılaraq onun ixtiyarına verilib. Hazırda həmin 42 kilometrlik zolaqda dəmir yolu və avtomobil yolunun müasir standartlara uyğun şəkildə qurulması istiqamətində işlər aparılmalıdır. Bu işlər yekunlaşdıqdan sonra yol istifadəyə veriləcək”.

Bu fikirləri “Reytinq” qəzetinə açıqlamasında siyasi analitik Əli Mustafa mövcud gərgin beynəlxalq və regional şərait fonunda Zəngəzur dəhlizinin (TRIPP layihəsi nəzərdə tutulur-red.) fəaliyyət imkanlarını qiymətləndirərkən bildirib.

Ə. Mustafanın sözlərinə görə, hazırda həmin ərazidə işlərin görülüb-görülməməsi daha çox texniki məsələdir:

“Lakin bir nüans var: Ermənistan daxilindəki dəmir yolları Rusiyanın icarəsindədir. Ola bilsin ki, onlar bu istiqamətdə işləri gecikdiriblər və nəticədə Ermənistan layihəni digər şirkətlərə həvalə edib. Yəni müəyyən məqamlar mövcud ola bilər. Amma dəhlizin keçəcəyi yeni marşrut artıq “Rusiya Dəmir Yolları”na aid deyil. Orada dəmir yolu başqa ölkələrin şirkətləri tərəfindən inşa ediləcək”.

Ekspert xatırladıb ki, bir müddət əvvəl İran da bu dəhlizə qarşı çıxırdı:

“Bəli, İran rəsmiləri müəyyən açıqlamalar verirdilər və bu bəyanatlar elə təqdim olunurdu ki, guya kimlərsə dəhlizi zorla açmaq istəyir, Ermənistan isə buna qarşıdır və İran onu müdafiə etməyə hazırdır. Lakin reallıq fərqlidir. Ermənistan özü yolun ABŞ şirkətləri tərəfindən tikilməsində maraqlıdır və bununla bağlı razılıq əldə olunub. Belə olan halda İranın müdaxiləsi üçün əsas qalmır. Ermənistanı heç kim təhdid etmir ki, İran da “onu müdafiə edəcəyəm”,- desin. Əksinə, İrəvan yolun açılmasında maraqlıdır - həm iqtisadi gəlir əldə etmək, həm yeni nəqliyyat imkanları qazanmaq, həm də mövcud çıxılmaz vəziyyətdən çıxmaq üçün. Bu baxımdan dəhlizlə bağlı ciddi problem görünmür. Ümumilikdə isə İranın bu layihəyə soyuq yanaşdığı məlumdur”.

Siyasi şərhçi əlavə edib ki, Rusiya da dəhliz üzərində nəzarəti ələ almaq istəyirdi, lakin hazırkı şəraitdə bunu reallaşdırmağın çətin olduğunu görərək daha ehtiyatlı mövqe tutur.

Ə. Mustafa hesab edir ki, dəhlizlə bağlı digər mühüm amillərdən biri Ermənistanda keçiriləcək parlament seçkiləridir:

“Mümkündür ki, Rusiya Ermənistandakı siyasi qüvvələrini seçkilərdə fəallaşdıraraq hakimiyyətə gətirməyə və sonradan dəhlizlə bağlı maraqlarını təmin etməyə çalışsın. Digər tərəfdən, Paşinyan hökuməti də düşünə bilər ki, prosesi sürətləndirmək seçkiqabağı dövrdə ona qarşı istifadə oluna bilər. Bu səbəbdən əvvəlcə seçkilərdə qalib gəlib, daha sonra Azərbaycan və Türkiyə ilə əməkdaşlığı gücləndirərək yolun açılmasına çalışa bilərlər. Bunlar ehtimaldır. Lakin görünən odur ki, Ermənistanda daha realist düşünən qüvvələr dəhlizin açılmasına müsbət yanaşırlar”.

Müsahibimiz sonda qeyd edib ki, həm Rusiya, həm də İranın hazırda digər regional proseslərə cəlb olunması onların Cənubi Qafqaza təsir imkanlarını zəiflədib:

“Hazırda bu ölkələrin diqqəti daha çox daxili və digər xarici məsələlərə yönəlib. Bu isə Zəngəzur dəhlizinin açılması üçün daha əlverişli şərait yaradır. Üstəlik, bu dəhliz Orta Dəhlizin tərkib hissəsidir. Marşrutun bir ucunda Çin, digər ucunda isə Böyük Britaniya dayanır və hər iki tərəf layihənin reallaşmasında maraqlıdır. Bu amil də layihəyə qarşı çıxan qüvvələrin mövqeyinə təsir edir. Rusiya və İran Çinə qarşı açıq maneə yaratmaq istəməz. İran alternativ olaraq yolun bir hissəsinin öz ərazisindən keçməsində maraqlıdır və bu istiqamətdə müəyyən işlər də aparılır. Bu baxımdan İranın etirazları tam əsaslı görünmür. Lakin məsələ təkcə iqtisadi deyil - türk dünyasının inteqrasiyası, nəqliyyat əlaqələrinin genişlənməsi kimi amillər onların geosiyasi maraqları ilə ziddiyyət təşkil edir. Buna baxmayaraq, dünya dəyişir və bu ölkələrin mövqelərində də müəyyən yumşalma müşahidə olunur.

Nəticə etibarilə, bu dəhliz açılacaq - məsələ yalnız zaman məsələsidir”.

Nemət Orucov
Reyting.az
 

Reklam