Advert
Advert

Zəhmətdən toxunan ömrün 80-ci ilməsi

Tarix:
 Zəhmətdən toxunan ömrün 80-ci ilməsi
Reklam

Abdulrəhim Hacıyev-80

Azərbaycanın dahi şəxsiyyətləri, söz, sənət adamları zəhmət adamlarından daim hörmət və məhəbbət hissi ilə danışmış, onların şəninə gözəl əsərlər yaratmışlar. Halal, dürüst, işinin peşəkarı olan insanlara elimiz də həmişə ehtiramla yanaşıb, onları məclislərin yuxarıda başında əyləşdirib. Zəhməti ilə sağlığında özünə dəyər qazanmış belə insanlardan biri - Abdulrəhim Hacıyevdən söhbət açacağıq. 

...Füsunkar təbiətli Qubanın qədim kəndində - Alpanda dünyaya gələn oğlan uşağına ata babasının, kənddə dəyirmanlar sahibi kimi tanınan Hacı Abdulrəhimin adını qoyurlar. Amma nənəsi Ayşənəm xanım rəhmətlik həyat yoldaşının adının tez-tez hallanmasını istəmədiyi üçün onu İbrahim deyə çağırır və bütün nəsli buna vərdişkar edir. Balaca Abdulrəhimin ibtidai siniflərdə aldığı tərifnamələrdə, təhsil şəhadətnaməsində adı İbrahim yazılıb. Kamal attestatında isə doğum sənədinə əsasən Abdulrəhim kimi qeyd olunur.

Gəlin qəhrəmanımızın xidməti xronikasına birlikdə nəzər yetirək. 1946-cı il iyulun 2-də ziyalı ailəsində doğulan Abdulrəhimin atası Mövlud Hacıyev 50 ildən çox Alpan kənd orta məktəbində ibtidai sinif müəllimi işləyib. Orta təhsilini bu məktəbdə alan Abdulrəhim 1962-ci ildə Azərbaycan Politexnik İnstitutunun Hidromeliorasiya şöbəsinə qəbul olunur. 1967-ci ildə İnstitutu “əla” qiymətlərlə başa vuran A. Hacıyev Respublika Meliorasiya və Su Təsərrüfatı Nazirliyində işə götürülür. Bundan sonra o, həm də ikiillik Bakı Ali Partiya məktəbini, Kiyevdə rəhbər işçilərin ixtisasartırma və Moskvada Həmkarlar təşkilatı sədrlərinin təkmilləşdirmə kurslarını bitirir.

Abdulrəhim Hacıyev 50 illik əmək fəaliyyəti dövründə, Meliorasiya və Su Təsərrüfatı Nazirliyində, sonralar Komitə, Agentlik və Səhmdar Cəmiyyəti adlandırılan müəssisədə sıravi mühəndislikdən idarə rəisinədək müxtəlif vəzifələrdə çalışıb. O, həmçinin bu idarənin Nəzarət qrupunun, Həmkarlar ittifaqının sədri kimi də fəaliyyət göstərib.

A. Hacıyev Azərbaycan Respublikası ilə Rusiya Federasiyası və Gürcüstan Respublkası arasında dövlət səhədinin delimitasiyası üzrə hökumətlərarası komissiyanın, eləcə də Araz və Samur çaylarının su ehtiyatlarının birgə istifadəsi üzrə Azərbaycan və İran İslam Respublikası və Rusiya Federasiyası arasında qurulmuş Birgə Komissiyaların üzvü kimi olduqca məsul vəzifələrdə çalışıb. 

...Məhz zəhmətsevərliyi, peşəkarlığı və yüksək insani keyfiyyəttləri ilə rayonun, eləcə də bölgənin sayılıb-seçilən ziyalısına çevrilmiş Abdulrəhim müəllim özü haqqında danışmağı xoşlamır. Buna görə dost-tanışı ondan söz düşəndə məhrəm nəvazişlə “köhnə kişilərdəndir” deyirlər.  

O, həm də vəfalı həyat yoldaşı, qayğıkeş ata, mehriban babadır. 1972-ci ildə qonşu Qusar rayonunun Xuray kəndindən olan şəfqət bacısı Əzimə xanımla ailə həyatı quran A. Hacıyevin bu nikahdan bir övladı dünyaya gəlir. Oğlu Vüsal ali təhsilli, savadlı kadr kimi hazırda yüksək vəzifədə çalışır.  

A. Hacıyevin meliorasiya və su təsərrüfatı sistemində uzun müddət səmərəli fəaliyyəti dövlət tərəfindən layiqincə qiymətləndirilib. O, 1980-ci ildə “Əməkdə fərqlənməyə görə”, 2008-ci ildə isə “Tərəqqi” medallarına layiq görülüb. Prezident İlham Əliyevin müvafiq sərəncamlarıl ilə 2012-ci ildə “Əməkdar mühəndis” fəxri adna, 2017-ci ildə isə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb.

Böyüməkdə olan nəslə nümunə göstərilməyə layiq, zəhmətdən yoğrulan ömrünün 80-ci ilməsini fəxarət və sevinc dolu hislərlə vuran Abdulrəhim Hacıyevə Tanrıdan gümrahlıq və könül xoşluğu diləyirik. 

Cabir Albantürk

Reklam