Advert
Advert

Yer kürəsini nə gözləyir? - Alimlər üç ssenarini açıqlayıblar

Tarix:
Yer kürəsini nə gözləyir? - Alimlər üç ssenarini açıqlayıblar
Reklam

Bəşəriyyətin ən pis ssenarilərdən qaçmaq şansı hələ qalsa da, hər ötən il bu imkan azalır. Tədqiqatçıların fikrincə, Yer kürəsinin iqlimi 3000-ci ilədək üç fərqli istiqamətdə inkişaf edə bilər. Bu isə qlobal miqyasda qəbul edilən qərarların təsirlərinin yüzlərlə, hətta min illərlə davam edəcəyini göstərir.

Reyting.az xəbər verir ki, bu barədə "Earths Future" jurnalı alimlərin yeni araşdırmasına istinadən məlumat yayıb.

Alimlərin təqdim etdiyi birinci ssenariyə görə, dünya dövlətləri qəti addımlar atır, istixana qazı emissiyaları sürətlə azaldılır və atmosferdən karbon qazının çıxarılması prosesinə başlanılır. Bu halda qlobal temperatur yaxın onilliklərdə pik həddə çatdıqdan sonra tədricən aşağı düşəcək və iqlim riskləri nəzarətdə saxlanılacaq.

İkinci ssenaridə isə emissiyaların azaldılması prosesi ləng gedir. Nəticədə qlobal istiləşmə daha yüksək səviyyədə sabitləşir, ekstremal istilər artır, yağıntı rejimi dəyişir, kənd təsərrüfatı və infrastruktur isə əlavə təzyiqlərlə üzləşir. Alimlərin fikrincə, bu ssenari müəyyən mənada idarəolunan olsa da, ciddi risklər daşıyır və hazırkı vəziyyət nəzərə alınarsa, ən real variantlardan biri hesab olunur.

Tədqiqatçılar bildirirlər ki, ən təhlükəli hesab edilən üçüncü ssenari qlobal istiləşməni öz-özünə sürətləndirən təbii proseslərin işə düşməsidir. Buraya daimi buzlaqların əriməsi nəticəsində əlavə istixana qazlarının atmosferə buraxılması, meşələrin karbon qazını udma qabiliyyətinin zəifləməsi və Arktikadakı buz örtüyünün daha da azalması daxildir.

Alimlər vurğulayırlar ki, iqlim sistemi çox yüksək inertliyə malikdir və bu gün atmosferə buraxılan emissiyaların təsiri minilliklər boyu hiss oluna bilər. Onların sözlərinə görə, Yer kürəsində hansı ssenarinin reallaşacağı əsasən yaxın onilliklər ərzində dövlətlər tərəfindən qəbul ediləcək qərarlardan asılı olacaq.

Oqtay Qorçu
 

Reklam