Rusiya istehsalı olan, keçmiş SSRİ avtomobil sənayesinin ən keyfiyyətli nümunələrindən biri hesab edilən "Volqa”nın S50 modeli ilk dəfə paytaxt Moskva küçələrində görünüb. Yeni modelin fotolarını "Avtopotok" kanalı yayıb.
Reyting.az-ın məlumatına görə, yeni "Volqa S50" rəsmi şəkildə aprel ayının əvvəlində təqdim olunsa da, bir müddət model üzərində müəyyən işlər aparılıb.

Qeyd olunur ki, Rusiyada yenidən bərpa olunmuş yerli "Volqa" markası ilə tanınan bu maşının Çinin "Geely" şirkəti tərəfindən "Preface" modelinin analoqu kimi Nijni Novqorodda istehsalı planlaşdırılır.
Satışın yay fəslində başlayacağı gözlənilir.
Nijni Novqorod seriya nişanlı ilk preseriya avtomobillərindən biri isə artıq Moskvadadır. Fotolara əsasən, avtomobil üzərində bəzi dəyişikliklər aparılsa da, yeni "Volqa" apreldə nümayiş edilən versiyadan çox da fərqlənmir.
Mütəxəssislər bildiriblər ki, "Volqa S50" 2,0 litrlik tutumu olan benzin turbomühərriklə təchiz ediləcək, daha sonra isə mühərrikin 150 və yaxud da 200 at gücü variantlarının təqdimatı olacaq. Həmçinin yeni avtomobil 7 pillədən ibarət olan robotlaşdırılmış sürət qutusu ilə təklif ediləcək.
"Volqa S50" modelinin qiyməti hələ açıqlanmayıb. Lakin bütün bunlarla bərabər, "Geely" şirkətinin istehsalı olan "Preface" avtomobili modelinin Rusiya ərazisində qiyməti hələ də dəyişməz qalıb.
"Preface" avtomobilinin Rusiyada qiyməti 3,3 milyon rubldan başladığına görə, bəzi ekspertlərin fikrincə, Çin modelinin müasir analoqu sayılan yeni "Volqa S50"-nin qiyməti çox da ucuz olmayacaq.

Oqtay Qorçu