Mayın 17-də Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyasının (WUF13) ilk günü yeni təşəbbüs kimi Azərbaycanın sədrliyi ilə Yeni Şəhərsalma Proqramına dair nazirlər səviyyəsində görüşlə başlayıb.
Reyting.az xəbər verir ki, proqramın 20 illik icra müddətinin orta mərhələsinə təsadüf edən bu toplantı əldə olunmuş nəticələrin nəzərdən keçirilməsi, mövcud çətinliklərin müəyyənləşdirilməsi və növbəti mərhələyə dair istiqamətlərin müəyyən edilməsi üçün əhəmiyyətli imkan yaradacaq.
Proqramın üç transformativ öhdəliyi - sosial inteqrasiya və yoxsulluğun aradan qaldırılması, ortaq rifah və ətraf mühitin davamlılığı üzərində qurulmuş görüşdə mənzil təminatı həm insan hüququ, həm də iqtisadi imkanlar, dayanıqlıq və iqlim tədbirləri üçün katalizator kimi vurğulanır.
Qlobal öhdəliklərə baxmayaraq, milyardlarla insan üçün adekvat mənzilə çıxış əlçatan deyil və bərabərsizliklər qeyri-rəsmi yaşayış məntəqələrində yaşayan marjinal qruplara və insanlara qeyri-mütənasib şəkildə təsir göstərir. Eyni zamanda, iqlim dəyişikliyi, şəhərləşmə təzyiqləri və geosiyasi böhranlar dünya miqyasında mənzil problemlərini daha da artırır.
Görüşün məqsədi proqrama qlobal öhdəliyi yenidən canlandırmaq, mənzil məsələsini siyasət fəaliyyətinin mərkəzinə qoymaq və 2036-cı ilə doğru tətbiq yollarını sürətləndirməkdir. Bu, həmçinin qlobal şəhər siyasəti müzakirələrinin formalaşdırılmasına və mənzil, iqlim tədbirləri və davamlı inkişafı birləşdirən inteqrasiya olunmuş həllərin irəli sürülməsinə töhfə verəcək.(Report)