Advert
Advert

Yeni qərar İranda ciddi humanitar fəsadlara yol aça bilər 

Tarix:
Yeni qərar İranda ciddi humanitar fəsadlara yol aça bilər 
Reklam

ABŞ ilə İran arasında növbəti danışıqlar ləngiyir. Hətta dünən İran tərəfinin İslamabad görüşündən imtina etdiyi bildirilirdi. Bu isə tərəflər arasında dərin etimadsızlığın qaldığını göstərir. Gecikmə diplomatik həll imkanlarını zəiflədir, regional təhlükəsizlik məsələlərində qeyri-müəyyənliyi və yeni müharibə riskini artırır.

Hərbi ekspert Azad İsazadə “Reytinq” qəzetinə bildirib ki, diplomatik danışıqlar adətən əvvəlcədən hazırlanır, yazışmalar və telefon əlaqələri qurulur, ilkin razılaşmalar və şərtlər müəyyən edilir:

“Lakin bu proseslər dəqiqləşmədiyi üçün diplomatiyada müəyyən müddət qapalı saxlanılmalıdır. ABŞ Prezidenti Donald Tramp isə bu məlumatları əldə edən kimi ictimailəşdirir. İran da məcbur qalaraq öz ictimaiyyəti qarşısında deyilənləri təhrif edir. Nəticədə danışıqlar uğurla nəticələnmir. Trampın hakimiyyəti dövründə, demək olar ki, qapalı diplomatiya ənənəsi mövcud deyil. O, açıq danışır və bildirir ki, əlində güc var, istənilən an “Vur!” əmri verə bilər. Bu isə onun növbəti addımını proqnozlaşdırmağı çətinləşdirir. Hazırkı reallıq budur”.

A. İsazadə

A. İsazadənin fikrincə, bu mərhələdə Trampın İranı vurmaq ehtimalı yüksək deyil:

“Qarşıda Donald Trampın Çin lideri Si Cinpinlə görüşü gözlənilir. Bu şəraitdə Trampın İranı vurması ona ciddi üstünlük qazandırmayacaq. Çünki İrana quru qoşun yeritmək mümkün deyil, yalnız hava zərbələri ilə də məqsədə çatmaq real görünmür. Bu səbəbdən İranın vurulması hazırda o qədər də real deyil. Lakin Trampın istənilən an qərarını dəyişə biləcəyini də nəzərə almaq lazımdır”.

Ekspert əlavə edib ki, diplomatiyanın alternativi müharibədir:

“İran zəiflədilib və öz ərazisini müdafiə etməkdə çətinlik çəkir. Son qarşıdurmalarda İran yalnız iki qırıcı və təxminən iki helikopter vurub. Buna qarşılıq olaraq, İranın hava məkanında İsrail və ABŞ üstünlük əldə edib. Dənizlərdə də eyni vəziyyət müşahidə olunub. İran isə daha çox İsrailə və regiondakı ABŞ müttəfiqlərinə zərbələr endirməyə çalışıb və müəyyən nəticələr əldə edib. Buna görə də Tehran atəşkəsdən maksimum yararlanmağa çalışır”.

A. İsazadə bildirib ki, mətbuatda yer alan məlumatlara görə, İran bəzi raket buraxılış qurğularını bərpa edib, bəzilərini isə zədələnmiş tunellərdən çıxarıb. Hətta onların sayının yüzə yaxın olduğu iddia olunur.

Ekspertin qənaətinə görə, İranın raket ehtiyatı azalsa da, tam tükənməyib:

“Düşünürəm ki, müharibə yenidən başlasa, İran raket hücumlarını davam etdirə bilər. Yəni tərəflər hələ ən azı bir ay döyüşə bilərlər. Tramp da bunu anlayır. Bu səbəbdən o, İranın enerji infrastrukturuna zərbələr endirə biləcəyini bildirir. Bu isə çox təhlükəli addım olar və ciddi humanitar fəsadlara yol aça bilər. Ümid edək ki, belə ssenari baş verməyəcək”.

Nemət Orucov
Reyting.az
 

Reklam