Advert
Advert

Yeni müharibə təhlükəsi: Rusiya Avropaya hücum edə bilər

Tarix:
Yeni müharibə təhlükəsi: Rusiya Avropaya hücum edə bilər
Reklam

“Rusiya lideri Vladimir Putin özünü küncə sıxışdırılmış hiss edir - ordusu Ukraynada dayanıb, iqtisadiyyat ağır vəziyyətdədir və qəti qələbə şansları demək olar ki, yoxdur”.

Reyting.az xəbər verir ki, bu barədə “Vaşinqton Post” qəzeti yazıb.

Qeyd olunur ki, Avropa ölkələri tam silahlanmadığı, Ukrayna Rusiyanın daha dərin ərazilərindəki hədəfləri vura bilən yeni silahlarla təmin olunmadığı və NATO-ya qarşı sərt mövqeyi ilə seçilən Donald Trampın Ağ evdə olduğu bir vaxtda, qəzəbli Putinin bu yazı Avropaya qarşı yeni müharibəyə başlamaq üçün əlverişli fürsət kimi dəyərləndirməsi mümkündür.

“Ukraynanın qərb cinahını təmin etmək kimi saxta bəhanə ilə onu işğal edən Rusiya indi müharibədən əvvəlkindən daha təhlükəli və daha aqressivdir”, - deyə ABŞ-ın keçmiş Milli Kəşfiyyat zabiti Yucin Rumer bildirib.

Rumerin sözlərinə görə, əgər Rusiya Prezidenti Avropanın təhlükəsizlik arxitekturası ilə bağlı baxışlarını qitəyə zorla qəbul etdirmək niyyətindədirsə, o zaman vaxt amilinin onun əleyhinə işlədiyini düşünə bilər. Bu isə Rusiyanı, Avropa yenidən silahlanmasını başa çatdırmamış və NATO-nun 5-ci maddəsinin effektivliyini sınağa çəkmək məqsədilə Baltik regionundakı hər hansı bir ölkəyə hücuma sövq edə bilər.

Məqalədə vurğulanır ki, Donald Tramp NATO-nu tənqid etməyə geniş yer ayırır və bu səbəbdən avropalı müttəfiqlər ABŞ-ın təhlükəsizlik zəmanətlərinin etibarlılığına daha çox şübhə ilə yanaşmağa başlayıblar. Onun bəzi açıqlamalarında NATO “kağız pələng” kimi təqdim olunur.

Ekspertlər hesab edirlər ki, ABŞ-ın Avropadakı NATO müttəfiqlərindən uzaqlaşması Moskva üçün əlavə imkanlar yarada bilər. “Avropa ənənəvi müdafiə qabiliyyətini gücləndirmədən və ABŞ-ın nüvə çətiri olmadan Rusiyanın nüvə təhdidinə qarşı effektiv mexanizmlər formalaşdırmadan, transatlantik boşluq Vladimir Putinin ambisiyalarını reallaşdırmaq üçün fürsət pəncərəsi yarada bilər”, - deyə Rumer qeyd edib.

Bundan əlavə, Rusiya Müdafiə Nazirliyi Ukrayna üçün döyüş dronlarının istehsalında iştirak edən Avropa şirkətlərinin siyahısını dərc edib. Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev bu müəssisələrin Rusiya ordusunun potensial hədəflərinə çevrilə biləcəyini bildirib.

Xatırladaq ki, daha əvvəl İsveç Silahlı Qüvvələrinin Baş Qərargah rəisi M. Klaesson da Rusiyanın NATO-nun birliyini sınaqdan keçirmək üçün Baltik dənizində yerləşən adalardan birinə qəfil hücum edə biləcəyini istisna etməyib.

Y. Qacar
 

Reklam