Advert
Advert

Yaponiyada böyük təhlükə: əhali təxliyə olunur

Tarix:
Yaponiyada böyük təhlükə: əhali təxliyə olunur
Reklam

Yaponiyanın şimal-şərq sahillərindəki 7,7 bal gücündə zəlzələdən sonra daha güclü yeraltı təkanların baş vermə riskinin artdığı bildirilir. Zəlzələ nəticəsində təxliyə əmri verilib və 3 metr hündürlüyündə sunami barədə xəbərdarlıq edilib.

Reyting.az xəbər verir ki, paytaxt Tokio şəhərindən 530 km şimalda yerləşən İvate prefekturası yaxınlığındakı sularda qeydə alınan zəlzələdən sonra minlərlə insana sahil ərazilərini tərk edərək yüksəkliklərə çəkilmək tapşırılıb.

Ən böyük dalğaların hündürlüyü 80 sm olsa da, zəlzələyə meylli Yaponiyanın Meteorologiya Agentliyi bildirib ki, növbəti həftə daha güclü sarsıntılara səbəb ola biləcək zəlzələlər baş verə və bu da daha böyük dalğalara gətirib çıxara bilər.

Daha sonra agentlik 8,0 bal və ya daha güclü zəlzələ ehtimalının “adi dövrlərlə müqayisədə nisbətən daha yüksək” olduğunu vurğulayıb.

Yaponiyada insanlar hələ də 2011-ci il zəlzələsi və sunamisi nəticəsində 18 mindən çox insanın həyatını itirdiyi və Fukuşima nüvə stansiyasında qəzanın baş verdiyi faciəni unutmurlar.

Bazar ertəsi günü 10 km dərinlikdə qeydə alınan sualtı zəlzələdən sonra episentrə ən yaxın ərazilərdə - Yaponiyanın əsas adası Honşu və şimaldakı Hokkaydo bölgəsində yaşayan sakinlərə daha yüksək dalğalar barədə xəbərdarlıq edilib.

Yeraltı təkanlar Tokioda da hiss olunub.

Qeyd edək ki, Yaponiyanın Sakit okean hövzəsində yerləşən və seysmik cəhətdən aktiv olan “Alov halqası” üzərində yerləşməsi səbəbindən ölkədə ildə təxminən 1500 zəlzələ baş verir və bu, dünya üzrə 6,0 və daha yüksək bal gücündə zəlzələlərin təxminən 10 faizini təşkil edir.

V. Quliyev

Reklam