Advert
Advert

Yanlış idarəetmə “Azəriqaz”da narazılığın əsasını qoyub

Tarix:
Yanlış idarəetmə “Azəriqaz”da narazılığın əsasını qoyub
Reklam

Son aylar “Azəriqaz” İstehsalat Birliyində (İB) “əlavə peşəkarlıq” mövzusu işçilər arasında ən çox müzakirə olunan məsələlərdən birinə çevrilib. Xüsusilə idarəetmə aparatında, departament rəhbərliyi və bəzi mühəndis heyəti arasında bu əlavələrin necə və kimlərə verilməsi ciddi suallar doğurur.

Reyting.az xəbər verir ki, bunu Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı “Azəriqaz” işçilərinə istinadən sosial şəbəkə hesabında yazıb.

Hüquq müdafiəçisi qeyd edib ki, yağışda, palçıqda, qaz sızmasının təsiri altında çalışan qaynaqçı, qəza zamanı həyatını riskə atan çilingər, illərlə istehsalatın yükünü daşıyan fəhlə “adi işçi” olaraq qalır.

M. Qəhrəmanlı özünü peşəkar hesab edən rəhbər şəxslərin diqqətinə çatdırıb ki, 1000-dən çox abonentə xidmət göstərən satış xidməti üzrə çilingərlərin gördüyü işlər heç də kiçik deyil:

“Hər ay sayğac göstəricilərinin oxunması, hər 3 aydan bir texniki baxışın keçirilməsi, ödəniş etməyən abonentlərin qaz təchizatının dayandırılması, qaz sızmalarının qarşısının alınması, sayğac dəyişiklikləri və digər ağır, məsuliyyətli işlər həyata keçirilir.

Üstəlik, bütün bunlar həm fiziki, həm də təhlükəsizlik baxımından ciddi risk altında görülür. Amma universitet diplomunun mürəkkəbi hələ qurumamış bəzi şəxslər və ya tamam başqa sahədən gəlib birbaşa kabinet mühəndisi olanlar qısa müddətdə “əlavə peşəkar” statusu qazanırlar.

Belə görünür ki, peşəkarlıq artıq iş təcrübəsi ilə yox, kondisionerli otağın yerləşdiyi mərtəbə ilə ölçülür.

Ən maraqlı məqam isə budur ki, bu əlavələrin hansı meyarlar əsasında verildiyini soruşanda ortada nə konkret mexanizm görünür, nə də şəffaf izah verilir. Halbuki peşəkar dedikdə işini vicdanla və yüksək səviyyədə görən insan nəzərdə tutulur - istər qaynaqçı olsun, istər usta, istər fəhlə, istərsə də mühəndis.

Əgər “əlavə peşəkarlıq” həqiqətən peşəkarlığa görə verilirsə, o zaman istehsalatın ən ağır yükünü çəkən insanların adları niyə siyahılarda yoxdur?

Yox, əgər məsələ başqa meyarlarla ölçülürsə, onda buna “əlavə peşəkarlıq” demək bir qədər çətin görünür”.

M. Qəhrəmanlı bu iradlarından sonra “Azəriqaz” işçilərindən birinin şikayətini də ictimailəşdirib.

Sayğac baxışı üzrə çilingər işləyən yeni əməkdaş şikayətində bildirib ki, “Azəriqaz” sistemində haqsızlıqlar çoxdur:

“Hər şeyə görə izahata çağırırlar: yığım, MF (planşetdə borc kəsimi), sayğaca baxış, sayğac dəyişimi, aylıq pul yığımı və s. Pulu yığa bilmirsənsə, deyirlər şənbə və bazar günləri işə çıx. İnanın, borclarım olduğuna görə səbr edirəm. Öz işlərində olan problemləri də bizim üzərimizə yükləyirlər. Bu qədər özbaşınalıq edən qurum görməmişəm.

Yuxarıda işləyənlərin də çox məsələdən anlayışı yoxdur. Açığı, SMS göndərirlər, amma özləri o qədər hərf səhvi edirlər ki... Bu qədər savadsız insanların bizi idarə etməyə çalışması çox ağırdır. Biri gəlib yığım tələb edir, digəri MF istəyir, başqa biri isə sayğaca baxış tələb edir. Bu qədər yükün axırı necə olacaq?

Bilirəm ki, bundan çıxış yolu toplu şəkildə fikir bildirməkdir. Təəssüf ki, heç kim bunu etmək istəmir. Hamı dözür, səbr edir ki, bəlkə yaxşı olar. Onlara isə bu qədər çox “qul” olması sərf edir”.

M. Qəhrəmanlıya paylaşımlarına və işçilərin hüquqlarını müdafiə etdiyinə görə təşəkkür edən çilingər sonda yazıb ki, çalışdığı departament dəlixananı xatırladır.

V. Quliyev

P.S. Reyting.az “Azəriqaz” İB-nin də mövqeyinə hörmətlə yanaşır və məsələyə münasibətinə yer ayırmağa hazırdır.
 

Reklam