Ərzaq təhlükəsizliyi yalnız kifayət qədər kalori deyil, həm də balanslı qidalanma üçün lazım olan bütün qida maddələrinin tam təmin edilməsini nəzərdə tutur. Bu, ölkələrin ərzaq müstəqilliyi və yeddi əsas məhsul qrupu üzrə açıqlanan 2026-cı ilin reytinq cədvəlində əksini tapıb.
Reyting.az xəbər verir ki, "Nature Food" elmi jurnalının araşdırmalarına görə, dövlətlər arasında yalnız Qayana 7 əsas ərzaq qrupunun hamısını daxili istehsal hesabına tam təmin edir. Üstəlik, bu ölkənin daxili qüvvəsi hesabına hətta bəzi məhsulları lazım olduğundan çox istehsal etmək gücü var.
Aparılan yeni tədqiqatlarda əsasən taxıl ilə nişastalı məhsullar, meyvə, tərəvəz, süd məhsulları, o cümlədən ət və balıq, həmçinin paxlalılar da daxil olmaqla, önəmli sayılan ən əsas qida kateqoriyaları təhlil edilib. Nəticələr göstərir ki, ABŞ, Çin və Rusiya kimi böyük aqrar ölkələr belə ən azı bir istiqamət üzrə idxaldan asılıdırlar.
Bu sahədə Çin, Vyetnam kimi ölkələrdə ümumi vəziyyət qənaətbəxşdir. Son illərdə sürətlə inkişaf edən Vyetnam, eləcə də Çin 7 kateqoriyadan 6-sını tamamilə təmin edə bilirlər. Bununla belə, hər iki ölkədə süd məhsulları ilə bağlı çox böyük çatışmazlıqlar var. Kanada və ABŞ isə yalnız 4 kateqoriyanı tam qarşılaya bilir və bu ölkələrin idxal asılılığı daha çox meyvə-tərəvəzlə bağlıdır.
Bu fərqlərin səbəbləri qlobal iqlim dəyişikliyi ilə əlaqələndirilsə də, araşdırma müəllifləri bunun tamamilə yanlış olduğunu düşünürlər. Tədqiqatçılara görə, yaranmış problemlər əsasən mövcud iqlim, coğrafiya ilə bağlıdır ki, bunun nəticəsində də şimal ölkələrində qısa veqetasiya dövrü yerli istehsalı məhdudlaşdırır.
Araşdırmalardan məlum olub ki, Yaxın Şərq və Şimali Afrika regionu uzun müddətdir mövcud su qıtlığı səbəbindən ən az ərzaq müstəqilliyinə malik bölgələr sırasındadır.
Ölkələr üzrə balıq istehsalı da artıq qlobal probleminə çevrilib. BMT-nin Qida və Kənd Təsərrüfatı Təşkilatının məlumatına görə, dünya akvakulturasının 91 faizi Asiyanın payına düşür ki, bu da bir çox ölkəni idxaldan asılı vəziyyətdə saxlayır.

Oqtay QORÇU