Advert
Advert

Vyetnam tarixinin ən bahalı layihəsi təqdim olunub

Tarix:
Vyetnam tarixinin ən bahalı layihəsi təqdim olunub
Reklam

Vyetnam Respublikası ölkə tarixində ən bahalı dəmiryolu layihəsini təqdim edib. Yerli mətbuatın məlumatına görə, hökumət planlaşdırdığı kimi Şimal-Cənub istiqaməti boyu hərəkət edəcək qatarlar üçün yüksək sürətli dəmir yolunun müasir standartlara uyğun şəkildə yenilənməsinə, həmçinin bu məqsədlə inşa ediləcək xəttin tikintisinə 67 milyard dollar ayırmaq qərarına gəlib.  Bu məbləğ Vyetnamın illik ÜDM-nin təxminən 17 faizinə bərabərdir.

Reyting.az xəbər verir ki, 1541 kilometrlik magistral ölkənin paytaxtı Hanoyu, Dananqı və Ho Şi Min şəhərlərini birləşdirəcək. Yeni xəttin mövcud şəraitdə 30 saatdan çox davam edən qatar səfərini təxminən 6 saata qədər endirəcəyi nəzərdə tutulur. 

Mütəxəssislər bildiriblər ki, Vyetnam tarixinin ən bahalı layihəsi həm də köhnəlmiş dəmir yolu sistemini yeniləmək, ticarət əlaqələrini sürətləndirmək, regionlar arasındakı iqtisadi əlaqələri gücləndirmək məqsədi daşıyır. 

Xatırladaq ki, hazırda işləyən Şimal-Cənub dəmiryolu şəbəkəsinin böyük hissəsi Fransanın müstəmləkəçiliyi dövründə tikilmiş infrastruktura əsaslanır.

Lakin bəzi ekspertlərin fikrincə, bu layihə ciddi risklərlə də üzləşəcək, çünki Vyetnam ərazisinin dağlıq relyefi səbəbindən xəttin 10 faizi tunellərdən, 60 faizi isə körpülərdən və estakadalardan keçəcək. Mütəxəssislər bildiriblər ki, bu amillər dəmiryolu tikintisinin xərclərini əhəmiyyətli dərəcədə artıracaq. 

Bununla belə, hakimiyyət yeni layihənin ölkə iqtisadiyyatına böyük təkan verəcəyini bəyan edib və tikinti işləri üçün lazım olan xərclərin hamısını qarşılayacağını bildirib. Yerli ekspertlər isə narahatlıq ifadə ediblər və dəmiryoluna ayrılacaq yüksək xərclərin səhiyyəyə, o cümlədən təhsil kimi önəmli sahələrə ayrılan maliyyələşməyə ciddi  təsir edə biləcəyini deyiblər.

Oqtay Qorçu

Reklam