Uzunömürlülükdə irsiyyətin təsiri əvvəl düşünüləndən xeyli yüksəkdir. Bu, alimlərin uzunömürlülüklə əlaqəli olduğu güman edilən genlərin insanlara və həyat tərzinə təsirini yenidən araşdırması zamanı məlum olub.
Reyting.az xəbər verir ki, Veysman Elm İnstitutunun tədqiqatçılarına görə, genlər insan ömrünün uzunluğundakı fərqlərin təxminən 50 faizini təşkil edə bilər. Halbuki əvvəlki qiymətləndirmələr bu göstəricini 20-25 faiz, bəzən isə 10 faizdən də az səviyyədə göstərirdi.
Araşdırmalar İsveç və Danimarkadan olan əkizlər bazasına əsaslanıb. Tədqiqatda, həmçinin ayrı böyümüş əkizlərə məxsus məlumatlar da geniş şəkildə təhlil edilib. Alimlərin fikrincə, bu yanaşma genetik və mühit faktorlarını daha dəqiq ayırmağa imkan verib.
Tədqiqatçılar bildiriblər ki, əvvəlki nəticələrin aşağı olmasının səbəbi xarici amillərdən (infeksiyalar, qəzalar və s.) baş verən ölüm halları ilə yaşlanma prosesinin qarışdırılması olub.
Məlumata görə, yeni elmi yanaşmada “virtual əkizlər” modellərindən istifadə edilib və nəticədə genetik təsirin daha böyük olduğu ortaya çıxıb. Bununla belə, mütəxəssislər xüsusilə vurğulayırlar ki, həyat tərzi, tibbi xidmət və ətraf mühit də uzunömürlülükdə mühüm rol oynayır.
Yeni aparılan bu araşdırma - həm də bu sahədə ikinci ən böyük elmi tədqiqatlardan biri - alimlərə yaşlanmanın biologiyasını daha yaxşı anlamağa və gələcəkdə yeni müalicə üsulları hazırlamağa geniş imkanlar yarada bilər.
Oqtay Qorçu