Ukraynanın yaxın gələcəkdə NATO-ya üzv olmaq ümidləri faktiki olaraq puç olub.
Reyting.az xəbər verir ki, bu barədə “The Economist” qəzeti adı açıqlanmayan Qərb mənbələrinə istinadla yazıb.
Məqalədə qeyd olunur ki, ABŞ-ın keçmiş prezidenti Co Bayden Kiyevin alyansa qoşulmasına onsuz da şübhə ilə yanaşırdı, qalan ümidlər isə hazırkı ABŞ lideri Donald Trampın bu ideyaya qarşı sərt mövqeyi ilə “zəiflədilib”.
“Financial Times” qəzeti daha əvvəl mənbələrə istinadən yazmışdı ki, Almaniya Ukraynaya assosiativ Avropa İttifaqı (Aİ) üzvlüyü statusu verməyi təklif edib. Bu status Kiyevə müvafiq nazirlərin və dövlət başçılarının iştirak etdiyi görüşlərdə iştirak imkanı verə bilər, lakin səsvermə hüququ və Aİ-nin ümumi büdcəsinə avtomatik çıxış imkanı yaratmayacaq.
Parisdə bu format “inteqrasiya olunmuş dövlət” statusu adlandırılır. Bu halda Ukrayna tam üzv olana qədər ümumi kənd təsərrüfatı siyasətində və ya Aİ maliyyələşdirmə proqramlarında iştirak etməyəcək.
Nəşr qeyd edib ki, Almaniya və Fransa bu yeni statusun Ukrayna üçün hələ də mühüm simvolik əhəmiyyət daşıyacağına inanır. Berlin həmçinin hesab edir ki, belə “yumşaq” Aİ üzvlük formasına qarşılıqlı müdafiə bəndi də daxil edilə bilər və bu, Ukrayna hakimiyyətinin NATO üzvlüyü perspektivlərinin olmaması fonunda vacib sayılır.
E. Kamal