Amerika-Almaniya-Ukrayna müdafiə şirkəti “Auterion Airlogix Joint Venture GmbH” Ukrayna üçün “süni intellektlə təchiz olunmuş minlərlə ağır hücum dronu”nun istehsalı üçün böyük bir sifariş aldığını açıqlayıb.
Reyting.az xəbər verir ki, layihənin maliyyələşdirilməsi Almaniya hökuməti tərəfindən təmin edilir, istehsal isə Ukrayna Silahlı Qüvvələrini dəstəkləməyə yönəlib.
Məlumata görə, bunlar müxtəlif qanad konfiqurasiyalarına malik dronlardır və ildə minlərlə ədəd istehsal edilməsi planlaşdırılır.
“Anubis” orta mənzilli canlı qüvvə, zirehli texnika və strateji hədəfləri vurmaq üçün nəzərdə tutulub. Analitiklər bunun 1600 km-ə qədər mənzilə və 45 kq-a qədər döyüş yükünə malik platformanın inkişafı ola biləcəyini ehtimal edirlər, baxmayaraq ki, bu məlumat rəsmi olaraq təsdiqlənməyib.
Ehtimala görə, “Anubis” əvvəlki “Seth” kamikaze dronunun yenilənmiş variantıdır və yüngül nəqliyyat vasitələri və logistika hədəflərini vurmaq üçün nəzərdə tutulub. Qatlanan qanad dizaynı onun konteynerdən buraxılmasına imkan verir və mənzilinin onlarla kilometr olduğu təxmin edilir.
Yeni sistemlərin əsas xüsusiyyəti avtonom naviqasiya, hədəf axtarışı və müdaxiləni təmin edən süni intellekt alqoritmlərinin inteqrasiyasıdır. Auterionun proqram təminatı həlləri bu inkişafların əsasını təşkil edir və zərbə sistemlərinin effektivliyini artırır.
V. Quliyev