Rusiyanın cənubundakı ən böyük neft emalı zavodlarından biri, “LukOİL” neft şirkətinə məxsus Volqoqrad Neft Emalı Zavodu yanğına və ziyana səbəb olan Ukrayna dron hücumundan sonra emalını dayandırıb.
Reyting.az “ Reuters” agentliyinə istinadla xəbər verir ki, zavodun gücünün təxminən 40 faizini təşkil edən CDU-1 xam neft distillə qurğusu hücumdan sonra bağlanıb. CDU-5 və CDU-6 qurğuları da fəaliyyətini dayandırıb.
Məlumata görə, 2024-cü ildə Volqoqrad Neft Emalı Zavodu 13,5 milyon ton neft emal edib ki, bu da Rusiya neft emalı zavodlarının ümumi emal həcminin təxminən 5 faizidir.
Neft emalı zavodu təxminən 6 milyon ton dizel yanacağı, 1,9 milyon ton benzin və 700.000 ton mazut istehsal edib.
Ukrayna Prezidenti V. Zelenski bildirib ki, bu ilin yanvar-may ayları arasında Ukrayna qüvvələri Rusiyanın 15 neft emalı zavoduna zərbə endirə bilib.
Onu da qeyd edək ki, bu gün Ukrayna dronları Rusiyanın Krasnodar diyarına da zərbələr endiriblər. Daha sonra bölgənin ən böyük neft emalı zavodlarından biri - İlski Neft Emalı Zavodunda yanğın başlayıb.
V. Quliyev