Advert
Advert

Ukrayna raketləri artıq Qərbi Sibirə, Şimali Qafqaza və Urala çatır

Tarix:
Ukrayna raketləri artıq Qərbi Sibirə, Şimali Qafqaza və Urala çatır
Reklam

Ukrayna zərbələri getdikcə Rusiya ərazisinin daha dərin bölgələrinə çatır və hava hücumu siqnalları artıq ölkənin demək olar ki, yarısını əhatə edir.

Reyting.az xəbər verir ki, bu barədə “Bloomberg” nəşri yazıb.

Məlumata görə, təkcə son bir həftə ərzində Volqa Federal Dairəsinin azı beş bölgəsində, o cümlədən Həştərxan və cənub regionlarında, həmçinin Şimali Qafqazın ən azı dörd bölgəsində raket xəbərdarlıqları elan edilib.

Oxşar xəbərdarlıqlar Rusiyanın mərkəzi hissəsində - Moskva, Vladimir, Tambov, Oryol və Lipetsk vilayətlərində də qeydə alınıb.

Analitiklər bildirirlər ki, xəbərdarlıqların coğrafi əhatə dairəsinin genişlənməsi Ukrayna hücumlarının xarakterində və onların məsafəsində ciddi dəyişiklik olduğunu göstərir. Əvvəllər hava hücumu siqnalları əsasən sərhəd bölgələri ilə məhdudlaşsa da, indi daha uzaq regionları da əhatə edir.

Qeyd olunur ki, bu il Rusiya əhalisinin 70 faizindən çoxunun yaşadığı bölgələrdə ən azı bir dəfə raket xəbərdarlığı verilib.

Əvvəllər daha ucqar bölgələrdə də təhlükə siqnalları qeydə alınıb. Xüsusilə, Ukrayna sərhədindən təxminən 3000 kilometr məsafədə yerləşən Qərbi Sibirdəki Omsk vilayəti iyun ayında ilk dəfə raket xəbərdarlığı ilə qarşılaşıb. Oxşar xəbərdarlıqlar Ural bölgəsində də qeydə alınıb.

Bir sıra şəhərlərdə hücumların nəticələri artıq mülki əhalinin həyatına təsir göstərir. Məsələn, Samara şəhərində hava həyəcanı siqnalları zamanı ictimai nəqliyyat müvəqqəti olaraq dayandırılıb.

Ukrayna getdikcə öz istehsalı olan uzunmənzilli dronlardan və qanadlı raketlərdən, xüsusilə “Neptun” və “Flamingo” sistemlərindən istifadə edir. Açıq mənbələrə görə, bu silahların uçuş məsafəsi 1000 kilometrdən 3000 kilometrə qədərdir və bu da Rusiya ərazisinin geniş hissəsində hədəflərin vurulmasına imkan yaradır.

Hərbi analitiklər qeyd edirlər ki, bu cür zərbələr yalnız hərbi deyil, həm də iqtisadi və psixoloji təsirlərə malikdir.

Y. Qacar
 

Reklam