Ukrayna qüvvələri Donetsk vilayətində irəliləyişə nail olub. ABŞ-da yerləşən Müharibənin Tədqiqi İnstitutunun (ISW) məlumatına görə, Ukrayna Müdafiə Qüvvələri Ternove yaxınlığında irəliləyərək, ehtimal ki, iki kəndi işğaldan azad edib.
Reyting.az-ın xəbərinə görə, ISW analitikləri videomaterialların geolokasiyasına istinadla bildirirlər ki, Ukrayna bölmələri Ternovenin şimal-şərqində və şərqində yerləşən ərazi zolağı boyunca irəliləyib. Ekspertlər hesab edirlər ki, bu, Novoqeorqivka və Berezove kəndlərinin azad edilməsini ehtimal etməyə əsas verir.
Bundan əlavə, Ukrayna qüvvələri Rusiya bölmələrini daha cənubda yerləşən Novoqriqorivka kəndinin bir hissəsindən sıxışdırıb çıxara biliblər.
ISW-nin məlumatına görə, rusiyalı hərbi bloqçulardan biri bildirib ki, Ukrayna Silahlı Qüvvələri bölgədə əks-hücum əməliyyatları həyata keçirir və bir neçə yaşayış məntəqəsi yaxınlığında Rusiya qüvvələrini beş-səkkiz kilometr geri çəkilməyə məcbur edib.
Digər rusiyalı hərbi bloqçu isə Ukrayna qoşunlarının Ternovenin şimal-şərqində yerləşən, hazırda işğal altında olan Komar kəndini yaxın vaxtlarda geri ala biləcəyindən narahatlığını ifadə edib.
ISW həmçinin Ukrayna ordusunun Huliaipole yaxınlığında, Dobropillianın şərq istiqamətində irəliləyiş əldə etdiyini bildirir. Lakin bu ərazidə vəziyyət gərgin olaraq qalır. Geolokasiya edilmiş görüntülər göstərir ki, ayrı-ayrı rus qrupları Ukrayna mövqelərinə nüfuz edərək Kosivtseve və Vozdvijkivka ərazilərində möhkəmlənə biliblər. Analitiklər qeyd edirlər ki, cəbhənin bu hissəsində döyüşlər davam edir.
ISW vurğulayır ki, hərbi əməliyyatların gedişi ilə bağlı məlumatlar açıq mənbələrin təhlilinə, xüsusilə videomaterialların geolokasiyasına və peyk görüntülərinə əsaslanır. Münaqişə tərəflərinin əksər açıqlamaları isə müstəqil şəkildə real vaxt rejimində təsdiqlənə bilmir.
E. Kamal