İyunun 24-ü gecəsi Krımda baş verən bir sıra partlayışlardan sonra müvəqqəti işğal altında olan Sevastopol şəhərində elektrik enerjisinin verilməsində böyük fasilə yaranıb.
Reyting.az Ukrayna mətbuatına istinadla bildirir ki, şəhərin Rusiya tərəfindən təyin olunmuş "qubernatoru" Mixail Razvojayevin “Telegram”-da yazdığına görə, hadisəyə enerji infrastrukturuna dron hücumu səbəb olub. Nəticədə şəhər müvəqqəti olaraq tamamilə elektriksiz qalıb.
Eyni zamanda, monitorinq resursları və şahidlər gecə ərzində yarımadanın müxtəlif ərazilərində eşidilən çoxsaylı partlayışlar barədə məlumat veriblər.
“Krımskiy Veter” bildirir ki, hücumun əsas hədəfi Krımın enerji sistemindəki əsas obyektlərdən biri olan Sevastopoldakı Balaklava İstilik Elektrik Stansiyası olub.
Sevastopoldan əlavə, Baxçasaray, Kerç və Rusiya Aerokosmik Qüvvələrinin radiotexniki batalyonunun radar stansiyasının yerləşdiyi Ay-Petri dağı ərazisindəki sakinlər tərəfindən də partlayışlar barədə məlumat verilib.
Şahidlər həmçinin Qvardeyskoye hərbi aerodromunun qərbində yerləşən Şafrannoye kəndi yaxınlığında yanğın baş verdiyini bildiriblər. Bu yer Rusiya qoşunlarının PUA-lar üçün istifadə etdiyi atış məntəqələrindən biri kimi tanınır.
Monitorinq kanallarına görə, dron hücumu nəticəsində Rusiya Qara dəniz donanmasının 133-cü ayrıca logistika briqadasının (73998 saylı hərbi hissə) anbarları yanır.
V. Quliyev