Ukrayna döyüş meydanında robot texnologiyalarından getdikcə daha geniş istifadə etməyə başlayır. Yerüstü dronlar və pilotsuz uçuş aparatları (PUA) sayəsində Ukrayna Silahlı Qüvvələri artıq piyadaların iştirakı olmadan mövqelərə hücum edə, hətta əsgərləri ələ keçirə bilir.
Reyting.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Ukrayna Silahlı Qüvvələrinin 3-cü Ayrı-ayrı Hücum Briqadasının NC13 bölməsinin komandiri Nikolay Zinkeviç (Makar) nəşrə bildirib ki, ötən yay keçirilən əməliyyat zamanı tarixdə ilk dəfə olaraq düşmən mövqeyinə piyadaların iştirakı olmadan yalnız yerüstü robotlar və dronlar vasitəsilə hücum edilib və hərbçilər əsir götürülüb.
“Biz anlamalıyıq ki, say baxımından heç vaxt üstün olmayacağıq. Buna görə də üstünlüyü texnologiya vasitəsilə təmin etməliyik”, - deyə hərbçi vurğulayıb.
Artıq yerüstü dronlar hücum əməliyyatlarında adi vasitəyə çevrilib. Pulemyotla silahlanmış belə robotlardan birinin Rusiyanın irəliləyişini 45 gün ərzində dayandırdığı bildirilir.
Ukrayna Prezidenti Volodimir Zelenski də prosesin miqyasını təsdiqləyərək bildirib ki, robotlar və dronlar təkcə son üç ay ərzində 22 mindən çox missiya yerinə yetirib.
Prezidentin sözlərinə görə, ən təhlükəli ərazilərdə döyüşçülərin əvəzinə robotların istifadə olunması minlərlə insanın həyatını xilas edib.
Bu yanaşma, həmçinin Ukraynanın müdafiə sahəsində rəqəmsal transformasiyanı sürətləndirən Mixail Fedorovun iştirakı ilə hazırlanmış yeni strategiyanın tərkib hissəsidir. Strategiya cəbhə xətti boyunca 15-20 kilometr dərinlikdə, tam avtomatlaşdırılmış logistika və döyüş tapşırıqları ilə “məhv zonası”nın yaradılmasını nəzərdə tutur.
Y. Qacar