Ukrayna Avropa Birliyindəki tərəfdaşlarını hərbi yardım üçün Avropa Sülh Fondu vasitəsilə 6,6 milyard avro (7,5 milyard dollar) ayırmağa çağırır.
Reyting.az xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Mixaylo Fedorovun məktubunda qeyd olunub.
Ukrayna hesab edir ki, bu vəsaitlər ona döyüş meydanında “fürsət pəncərəsindən” yararlanmağa imkan verəcək.
Kiyevin bu il ümumi müdafiə ehtiyacları təxminən 136 milyard avro olaraq qiymətləndirilir ki, bunun da təxminən 53 milyard avrosu dövlət büdcəsi tərəfindən ödənilir. Bu o deməkdir ki, ölkənin müdafiə potensialını tam şəkildə ödəmək üçün əhəmiyyətli beynəlxalq yardıma ehtiyacı var.
Avropa İttifaqından 3,8 milyard avroluq tranş bu yaxınlarda Ukrayna dövlət büdcəsinin xüsusi fonduna köçürülüb. Bu, yeni maliyyə aləti olan Ukrayna Dəstək Krediti çərçivəsində müdafiə dəstəyinin ilk tranşıdır.
Vəsait prioritet müdafiə ehtiyaclarını, xüsusən də Ukrayna dronları istehsalının maliyyələşdirilməsinə, müdafiə sənayesinin potensialının artırılmasına və cəbhə xəttindəki Ukrayna qoşunları üçün təcili təchizatın təmin edilməsinə sərf olunacaq.
Daha əvvəl Ukrayna Avropa İttifaqından 90 milyard avroluq kredit proqramı çərçivəsində 3,2 milyard avroluq ilk tranş almışdı. Baş nazir Yuliya Sviridenkonun sözlərinə görə, dövlət büdcəsinə daxil olan vəsait ölkənin müdafiə qabiliyyətini gücləndirmək və sosial dayanıqlığını təmin etmək üçün istifadə olunacaq.
E. Kamal