Bəzi siyasətçilər Türkiyədə Cümhuriyət Xalq Partiyası (CHP) daxilində baş verənləri ölkəyə xarici təsirlər və Türkiyənin regional siyasətdə artan roluna görə təzyiq elementi kimi qiymətləndirirlər. Xüsusilə Türkiyənin müdafiə sənayesində güclənməsi, Azərbaycan və Yaxın Şərq siyasətində aktiv mövqeyi müəyyən beynəlxalq mərkəzləri narahat edən amillər kimi göstərilir.
Professor Cümşüd Nuriyev “Reytinq” qəzetinə açıqlamasında deyib ki, Türkiyədə baş verən hadisələr çoxdan planlaşdırılan və həyata keçirilməsi üçün çalışılan bir layihənin tərkib hissəsidir. Yəni bununla Türkiyəni küncə sıxmağa çalışırlar.
C. Nuriyev hesab edir ki, son gərginliklərin arxasında ABŞ və onun yaxın müttəfiqləri dayanır:
“Nəzərə almaq lazımdır ki, Türkiyə İran məsələsində bitərəf qaldı, Azərbaycanla bağlı məsələlərdə isə Bakının yanında yer aldı. Bundan əlavə, görünməyən əsas məqamlardan biri də Türkiyənin dünya silah bazarında əsas oyunçulardan birinə çevrilməsi və mövqeyini gücləndirməsidir. Bütün bunlar bəzi qüvvələri narahat edir və onlar Türkiyə üçün problemlər yaratmağa çalışırlar”.
Onun sözlərinə görə, Kamal Kılıçdaroğlu Süleyman Dəmirəl kimi siyasətçidir və zaman-zaman gözlənilməz addımlar atır.
Nuriyev hesab edir ki, Kılıçdaroğlu ilə bağlı müşahidə olunan proseslər əslində Türkiyəyə təzyiq vasitəsidir:
“Kılıçdaroğlu milliyyətcə təmiz türk deyil. Digər tərəfdən, onunla bağlı məsələlərin guya Ərdoğanın layihəsi olması barədə fikirləri ciddi qəbul etmirəm. Əgər bu iddialar doğrudursa, deməli, Ərdoğan həqiqətən böyük siyasi xadimdir”.
Professor bildirib ki, hazırda Türkiyədə hakim Ədalət və İnkişaf Partiyası ilə Milliyyətçi Hərəkat Partiyası arasında mövcud olan sıx müttəfiqlik bir çoxlarını, xüsusilə də “5-ci kolon”u ciddi narahat edir. Onun fikrincə, bu birlik Türkiyəni irəli aparır və ölkədə siyasi balansı qoruyur.
Nuriyev iddia edir ki, Kılıçdaroğlu zaman keçdikcə Türkiyəyə zərər vurmağa çalışan siyasətçi kimi ortaya çıxır:
“Bir daha qeyd edirəm ki, Türkiyə həm siyasi, həm də hərbi baxımdan güclü dövlətdir, beynəlxalq səhnədə öz mövqeyini qoruyur və möhkəmləndirir. Təbii ki, onu oyundan çıxarmağa çalışırlar. Bunun üçün lazım gəldikdə müxalifətdən də istifadə edirlər. Amma düşünürəm ki, Türkiyə dünyada öz mövqeyini daha da gücləndirəcək”.
Nemət Orucov
Reyting.az