Türkiyə ilə İsrail arasında gərginliyin artması bir çox ölkələrlə yanaşı, Azərbaycan və ABŞ-ın da maraqlarına uyğun deyil. Gərginliyin azalması regional sabitlik və təhlükəsizlik baxımından mühüm əhəmiyyət daşıyır. Tərəflər qarşılıqlı ittihamlar əvəzinə diplomatik dialoqu gücləndirməli, etimadın bərpasına yönəlmiş addımlar atmalıdır. ABŞ və Azərbaycan da daxil olmaqla regionun tərəfdaşları gərginliyin dinc yollarla həllinə yönəlmiş vasitəçilik və əməkdaşlıq səylərini təşviq edə bilərlər.
Siyasi şərhçi Əli Mustafa “Reytinq” qəzetinə açıqlamasında bildirib ki, Türkiyə-İsrail münasibətləri uzun illər sabit olub, əməkdaşlıq və tərəfdaşlıq çərçivəsində inkişaf edib. İki dövlət arasında yaxın əlaqələr mövcud idi. Son illərdə isə, əsasən Fələstin məsələsi ilə bağlı fikir ayrılıqları fonunda anlaşılmazlıqlar və gərginlik müşahidə olunur.
Ə. Mustafanın sözlərinə görə, hazırda dünyada yeni geosiyasi nizam formalaşır, köhnə təhlükəsizlik arxitekturası və əməkdaşlıq modeli yenilənir. Bu proses ənənəvi münasibətlərə də təsirsiz ötüşmür.
“Qısası, yeni düzən fərqli yanaşmalar, yeni maraqlar və yeni paradiqmalar formalaşdırır. Bu baxımdan Türkiyə ilə İsraili həm yaxınlaşdıran, həm də qarşı-qarşıya qoyan amillər mövcuddur və bu, başadüşüləndir”, - deyə siyasi şərhçi bildirib.
Ə. Mustafa qeyd edib ki, regionda və Yaxın Şərqdə baş verən hadisələr fonunda Türkiyə ilə İsrailin baxışları bir sıra məsələlərdə fərqlənir.
“Eyni zamanda Türkiyə NATO-nun üzvüdür və bu hərbi alyansın əsas dayaqlarından biridir. İsrail isə ABŞ-ın ən yaxın müttəfiqlərindən biridir və Vaşinqtonun güclü dəstəyini alır. Bu, kifayət qədər həssas məqamdır. ABŞ həm Türkiyə ilə müttəfiqdir, həm də İsraillə strateji tərəfdaşlığa malikdir. Ona görə də, xüsusilə Prezident Donald Tramp administrasiyası üçün Türkiyə-İsrail münasibətlərində gərginliyin artması arzuolunan deyil.

Ə. Mustafa
Lakin İsrailin hazırkı hökumətinin Qəzza, Livan və Suriyada həyata keçirdiyi siyasət Türkiyə də daxil olmaqla bir sıra müsəlman ölkələrində narazılıq doğurur. Məncə, gərginliyin əsas səbəblərindən biri də budur. Digər tərəfdən, Türkiyə son illərdə güclənərək regionun əsas siyasi və hərbi aktorlarından birinə çevrilib. Bu isə müəyyən strateji maraqlar baxımından İsraildə narahatlıq yarada bilər. Belə məqamlarda qarşıdurma müəyyən mənada təbii görünür, çünki tərəflərin strateji maraqları bəzi istiqamətlərdə toqquşur. Bununla yanaşı, əməkdaşlığı və münasibətlərin normallaşmasını təşviq edən amillər də kifayət qədərdir”, - deyə o vurğulayıb.
Ə. Mustafa bildirib ki, Türkiyə ilə İsrail arasında münasibətlərin normallaşmasına töhfə verə biləcək amillərdən biri də Azərbaycanın hər iki ölkə ilə yaxın münasibətlərə malik olmasıdır.
“Sözsüz ki, Azərbaycanın qardaş Türkiyə və dost İsrail arasında münasibətlərin gərginləşməsində marağı yoxdur. Əksinə, Bakı bu iki ölkə arasında münasibətlərin gərginlikdən uzaq, sabit və konstruktiv müstəvidə inkişaf etməsini istəyir. Belə bir mühit Azərbaycanın da maraqlarına uyğundur və ölkəmizin özünü daha rahat hiss etməsinə şərait yaradır.
Bu baxımdan hesab edirəm ki, Azərbaycan iki dost ölkə arasında münasibətlərin yaxşılaşdırılması istiqamətində öz imkanları çərçivəsində müəyyən təşəbbüslər göstərir. Bu fəaliyyət ictimaiyyətə açıqlanmasa da, belə addımların atıldığına ümid edirəm”, - deyə siyasi şərhçi qeyd edib.
Ə. Mustafa sonda əlavə edib ki, Azərbaycan qondarma “erməni soyqırımı” iddiaları məsələsində hər zaman Türkiyənin mövqeyini dəstəkləyib və ümid edir ki, dost İsrail də bu məsələdə ədalətli mövqe nümayiş etdirəcək. Onun sözlərinə görə, Azərbaycanın bu məsələyə dair mövqeyi aydın və prinsipialdır.
Nemət Orucov
Reyting.az