Türkiyə hakimiyyəti ötən həftə yerli məktəblərdə baş verən iki atışmadan sonra respublika sakinlərinin odlu silah sahibi olmasını məhdudlaşdırmaq və silah sahiblərinə qarşı cəzaları sərtləşdirmək üçün əlavə hüquqi tədbirlər görəcək.
Reyting.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra açıqlayib.
Ərdoğan deyib ki, məktəblərdə təhlükəsizliyin təmin edilməsi əsas prioritetlərdəndir: “Bu məsələdə nə indi, nə də gələcəkdə heç bir güzəşt olmayacaq. Təhlükəsizlik və mühafizə öhdəliklərini yerinə yetirməyən odlu silah sahiblərinə qarşı cəzaları sərtləşdirəcəyik. Silah sahibliyini məhdudlaşdıran əlavə hüquqi qaydalar tətbiq edəcəyik".
O qeyd edib ki, aprelin 15-də Türkiyənin cənub-şərqindəki Kahramanmaraş vilayətindəki bir məktəbdə baş verən fövqəladə hadisə nəticəsində doqquz nəfər ölüb, 21 nəfər yaralanıb. Aprelin 14-də isə eyni bölgədəki Şanlıurfa vilayətindəki bir məktəbdə 19 nəfər yaralanıb.
Prezident daha sonra bildirib: "Sosial mediada və rəqəmsal kommunikasiya platformalarında yalan, manipulyativ və zərərli məzmun yayan hesablara qarşı lazımi tədbirlər görmüşük".
Ərdoğanın sözlərinə görə, ölkə hakimiyyəti "virtual patrulları" gücləndirmək və hüquq-mühafizə orqanlarının kibertəhlükəsizlik imkanlarını gücləndirmək niyyətindədir.
"Məktəblər və hüquq-mühafizə orqanları arasında əməkdaşlığın gücləndirilməsi və yeni iş modellərinin hazırlanması da bu prosesdə atacağımız addımlardan biri olacaq",- deyə Ərdoğan əlavə edib.
V. Quliyev