ABŞ Prezidenti Donald Trampın İrana qarşı hərbi əməliyyatlar aparmaq səlahiyyətlərini məhdudlaşdırmağa yönəlmiş təşəbbüs Nümayəndələr Palatasında uğursuzluğa düçar olub.
Reyting.az xəbər verir ki, 213-214 səs nisbəti ilə rədd edilən qətnamə əsasən simvolik xarakter daşıyırdı. Çünki qəbul edilsə belə, prezident vetosunu aşmaq ehtimalı çox aşağı idi.
Respublikaçıların əksəriyyəti hər iki palatada təşəbbüsə qarşı çıxsa da, bəzi qanunvericilər münaqişə uzanacağı təqdirdə mövqelərini yenidən nəzərdən keçirəcəklərini bildiriblər.
Donald Tramp isə müharibənin tezliklə başa çata biləcəyini açıqlayıb.
Nümayəndələr Palatasında keçirilən səsvermədə Kentukki ştatından Tomas Massi demokratları dəstəkləyən yeganə respublikaçı, Meyn ştatından Cared Qolden isə əks mövqe tutan yeganə demokrat olub.
Ohayo ştatından Uorren Devidson isə bitərəf qalıb.
Qətnamənin müəllifi, Nyu-Yorkdan olan demokrat Qreqori Miks bildirib ki, o, təşəbbüsə dəstək toplamaq üçün fəaliyyətini davam etdirəcək və Konqresin hərbi səlahiyyətlərini qorumaq məqsədilə yeni təkliflə çıxış edəcək.
Xatırladaq ki, ötən ay da oxşar təşəbbüs az fərqlə rədd edilmişdi. Dünən isə Senatda analoji qətnamə 47-52 səs nisbəti ilə qəbul olunmayıb.
E. Kamal