ABŞ Müdafiə Nazirliyi "Foundation Future Industries" şirkəti ilə 24 milyon dollar dəyərində müqavilə imzalayıb. Müqaviləyə əsasən, şirkət Pentaqon üçün "Phantom" adı verilən ən müasir və güclü, humanoid döyüş robotları istehsal edəcək.
Reyting.az xarici KİV-ə istinadla bildirir ki, Pentaqonun şəriki olan sözügedən şirkət ABŞ Prezidenti Donald Trampın oğlu, 42 yaşlı Erik Trampın birbaşa dəstəyi ilə fəaliyyət göstərir. Şirkətin əsas hədəfi Çinlə texnoloji rəqabətə qoşulmaq, bu sahədə öz potensialını artırmaqdır.
"Phantom" robotları düşmən obyektlərinə daxil olmaq, eyni zamanda hərbçilərin həyatını qorumaq üçün hazırlanır. Şirkətin rəhbəri Sanket Pathakın dediyinə görə, humanoid döyüşçü robotları ən müasir texnologiya nümunələri kimi ABŞ-ın hərbi üstünlüyünü qorumağa kömək edəcək.
Robotun çəkisi 79 kiloqramdır. Humanoid saniyədə 1,7 metr sürətlə hərəkət edə bilir. Bununla yanaşı, daha da inkişaf etmiş "Phantom-2" modelinin hazırlandığı barədə də məlumat verilib.
Mütəxəssislər vurğulayıblar ki, ümumiyyətlə, bu robotlardan yalnız hərbi sahədə deyil, tikinti və fövqəladə halların aradan qaldırılması kimi sahələrdə də istifadə oluna bilər.
Oqtay Qorçu