Kuba ətrafında gərginliyin artması gözlənilməməlidir.
Reyting.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.
"Xeyr. Heç bir eskalasiya olmayacaq", - deyə Tramp jurnalistlərin bu məsələ ilə bağlı sualına cavabında bildirib.
Onun sözlərinə görə, Kuba hakimiyyəti ölkədəki vəziyyətə nəzarəti itirib.
Lakin Tramp ABŞ-ın 3 yanvar 2026-cı ildə Venesuelaya qarşı tətbiq etdiyi eyni ssenarinin Kuba ilə bağlı mümkün olub-olmadığı sualına cavab verməkdən imtina edib.
Çərşənbə günü ABŞ Ədliyyə Nazirliyi Kuba Kommunist Partiyasının keçmiş sədri Raul Kastro və daha beş nəfərə qarşı 1996-cı ildə "Hermanos en rescate" humanitar təşkilatına məxsus iki Amerika təyyarəsinin vurulması ilə əlaqədar qətl və ABŞ vətəndaşlarını öldürmək üçün sui-qəsd ittihamları irəli sürüb.
Buna cavab olaraq Kuba Prezidenti ABŞ hakimiyyətinin Kastroya qarşı ittiham irəli sürmək cəhdinin heç bir hüquqi əsası olmadığını bildirib.
Xatırladaq ki, bundan əvvəl Amerika mediasında ABŞ-ın Kubaya qarşı hərbi ssenari ehtimalını araşdırdığı barədə məlumatlar yayılmışdı.
E. Kamal