ABŞ Prezidenti Donald Tramp Federal Ehtiyat Sisteminin (FES) rəhbəri Cerom Paueli may ayında səlahiyyət müddəti başa çatdıqdan sonra istefa verməyəcəyi təqdirdə işdən çıxarmaqla hədələyib.
Reyting.az xəbər verir ki, Trampın dəfələrlə etdiyi çağırışlara baxmayaraq, Pauellin mərkəzi bankın faiz dərəcələrini azaltmaq istəməməsi tərəflər arasında kəskin fikir ayrılığına səbəb olub.
Pauellin səlahiyyət müddəti mayın 15-də başa çatır. Lakin o, xələfi Kevin Uorş Senat tərəfindən təsdiqlənənədək vəzifəsində qalmağı planlaşdırır.
Tramp “Fox Business” kanalına açıqlamasında Pauellin vəzifədə qalmaq planları ilə bağlı suala cavab verərkən, “O halda onu işdən çıxarmalı olacağam”, - deyib.
Federal Ehtiyat Sisteminin rəhbəri vəzifəsinə namizədlərə nəzarət edən komitədə nüfuzlu respublikaçı senator Tom Tillis isə Uorşun təsdiqini bloklamaqla hədələyib. O bildirib ki, əgər Uorş Pauellin səlahiyyət müddəti başa çatmamış təsdiqlənməzsə, Pauell müvəqqəti olaraq vəzifəsində qalacaq.
Pauell isə bu məsələ ilə bağlı, “Qanun bunu tələb edir. Biz bunu bir neçə dəfə etmişik”,- deyə qeyd edib.
Tillis həmçinin Trampa xəbərdarlıq edib ki, Federal Ehtiyat binasının təmiri ilə bağlı Pauellə qarşı cinayət işi dayandırılmasa, Uorşun təyinatına razılıq verməyəcək.
V. Quliyev