ABŞ-ın Florida ştatında gənc qadının həyatına son qoyan timsah hücumu ilə bağlı məhkəmə-tibbi ekspertiza hesabatı və 911 xidmətinə edilən zəngin qeydləri açıqlanıb.
Reyting.az xəbər verir ki, bu il iyunun 28-də baş verən hadisə zamanı həyatını itirən şəxsin 31 yaşlı Brittan Klark olduğu müəyyən edilib.
Məhkəmə-tibbi ekspertizasının hesabatında gənc qadının son anları ilə bağlı yeni təfərrüatlar yer alıb.
Bildirilir ki, Brittan Klark sevgilisi Xance Allison və daha bir dostu ilə birlikdə Orlando şəhərinin şimal-şərqində yerləşən meşəlik ərazidə gəzinti zamanı, təxminən saat 13:30-da çaya daxil olub.
Daha əvvəl yayımlanan 911 qeydlərinə əsasən, timsah səssiz şəkildə onlara yaxınlaşaraq Klarka hücum edib və onun hər iki qoluna ağır xəsarətlər yetirib.
Ekspertiza hesabatında qeyd olunur ki, timsah qadının qolundan yapışdıqdan sonra "ölüm fırlanması" (death roll) adlanan ov üsulundan istifadə edib. Bu üsul zamanı timsah qurbanını suya çəkərək boğmaq və hərəkətsiz vəziyyətə salmaq üçün öz oxu ətrafında sürətlə fırlanır.
Hesabata görə, Xance Allison sevgilisini xilas etmək üçün timsahla mübarizə aparıb. Sürünən hər ikisini suya çəkməyə çalışsa da, Allison böyük risk bahasına Brittan Klarkı onun çənələrindən çıxarmağa müvəffəq olub. Lakin qadının aldığı ağır xəsarətlər onun həyatını xilas etməyə imkan verməyib.
Məlumata görə, hadisədən sonra uzunluğu təxminən 3,6 metr olan timsah tapılaraq zərərsizləşdirilib. Onun başı istintaq çərçivəsində maddi sübut kimi götürülərək saxlanılıb.
V. Quliyev