Tayland hökuməti onlayn fırıldaqçılıqla mübarizə məqsədilə vizasız səyahət və ölkə ərazisində qalma müddətini 60 gündən 30 günə endirməyi planlaşdırır.
Reyting.az TASS-a istinadla xəbər verir ki, bu barədə Taylandın Baş nazir müavini və xarici işlər naziri Sihasak Phuangketkeou ölkənin xarici siyasət konsepsiyasını Banqkok şəhərində təqdim edərkən bildirib.
“Fırıldaqçı şəbəkələrin və transmilli cinayətkarların yaratdığı maliyyə təhlükələrini aradan qaldırmaq üçün viza azadolma sxemlərini nəzərdən keçiririk. Turizmə gəldikdə isə, qonaqlarımızı qarşılayırıq. Lakin hesab edirəm ki, 30 gün kifayətdir. Bəzi şəxslərin 60 günlük vizasız rejimdən sui-istifadə edərək ölkəyə fərqli məqsədlərlə gəldiyini müşahidə etmişik. Əgər rahat tətil axtaran turistsinizsə, heç bir problem yoxdur. Hər bir qonağı səmimi qarşılayırıq”, - deyə o əlavə edib.
Hökumətin viza siyasəti komitəsinin topladığı məlumatlara görə, Taylanda gələn turistlərin təxminən 90 faizi ölkədə 30 günə qədər qalır. Mart ayında Phuangketkeou hökumətə, Rusiya da daxil olmaqla, 90-dan çox ölkədən gələn əcnəbilər üçün vizasız qalma müddətinin 60 gündən 30 günə endirilməsini təklif edəcəyini açıqlamışdı.
İyulun 15-də Tayland hakimiyyəti turizm məqsədilə krallığa gələn 93 ölkə və ərazidən olan vətəndaşlar üçün 60 günə qədər vizasız rejimin tətbiqini təsdiqləyib. Rusiya da bu siyahıya daxil edilib, baxmayaraq ki, ölkə vətəndaşları artıq Taylandda 60 günlük vizasız qalma hüququndan istifadə edirdilər.
Rusiya ilə Tayland arasında 2005-ci ildə imzalanmış hökumətlərarası sazişə əsasən, vizasız qalma müddəti 30 günlə məhdudlaşdırılıb. Bununla belə, Tayland hakimiyyəti vaxtaşırı rusiyalı turistlərin daha uzun müddət qalmasına icazə verib.
2023-cü ilin noyabr ayından 2024-cü ilin may ayınadək rusiyalı turistlər Taylanda 90 günə qədər vizasız səfər edə bilirdilər.
Taylandın Turizm Nazirliyinin məlumatına görə, 2025-ci ildə krallığa təxminən 1,9 milyon rusiyalı səfər edib. Bu, rekord göstərici olmaqla yanaşı, bütün milli turist qrupları arasında sayına görə dördüncü yeri tutur. Rusiya Tayland üçün ən böyük turizm bazarı hesab olunur. Bu ilin əvvəlindən etibarən ölkəyə 800 mindən çox rusiyalı turist səfər edib.
V. Quliyev