“Taliban” hərəkatı Əfqanıstanda yetkinlik yaşına çatmayanların nikahlarını qanuniləşdirən sənəd dərc edib.
Reyting.az bildirir ki, bu barədə Əfqanıstanın müstəqil nəşri olan "Amu TV" məlumat yayıb.
Sənədin müddəalarından birinə görə, qızın yetkinlik yaşına çatdıqdan sonra susması evliliyə razılıq hesab edilə bilər. Lakin gənc kişinin və ya əvvəllər evli olan qadının oxşar susması avtomatik olaraq razılıq hesab edilmir.
Yeni qaydalar həmçinin ata və babalara uşaq nikahları bağlayarkən geniş səlahiyyətlər verir.
Sənəddə qeyd olunur ki, yetkinlik yaşına çatmayan şəxsin nikahı digər qohumlar tərəfindən rəsmiləşdirilsə belə, ər-arvadın "sosial cəhətdən uyğun" olması və adekvat cehiz təmin edilməsi şərtilə etibarlı sayıla bilər.
“Amu TV”-nin dəqiqləşdirdiyi kimi, yetkinlik yaşına çatmayan şəxs belə bir nikahdan yalnız yetkinlik yaşına çatdıqdan sonra və məhkəmə qərarı ilə boşanma tələb edə bilər.
Sənədin dərc olunması, “Taliban”ın 2021-ci ilin avqustunda hakimiyyətə qayıtmasından bəri qadınlara və qızlara qarşı məhdudiyyətlərin davam edən sərtləşdirilməsi fonunda baş verib.
Qeyd edək ki, hazırda Əfqanıstanda qızların altıncı sinifdən sonra məktəbə getməsi qadağandır, qadınların universitet təhsili almaq imkanları məhduddur. Üstəlik, onlar iş, hərəkət azadlığı və ictimai həyatda iştirak məhdudiyyətləri ilə üzləşirlər.
Bundan əlavə, 2024-cü ildə “Taliban” qadınların ucadan dua etməsinə qadağa qoymuşdu.
V. Quliyev