Türkiyə-Ermənistan münasibətlərində yaxınlaşma Türkiyənin regional təsirini gücləndirə və Ermənistanın Rusiyadan asılılığını qismən azalda bilər. Lakin bu proses Moskvanın təsiri ilə məhdudlaşacaq.
Reyting.az xəbər verir ki, “Stratfor” beyin mərkəzi belə hesab edir.
Analitiklərin fikrincə, son illər Türkiyə və Ermənistan uzun müddət davam edən gərginlikdən, xüsusən də Azərbaycan Qarabağ üzərində tam nəzarətini bərpa etdikdən sonra münasibətləri normallaşdırmağa cəhd ediblər.
Eyni zamanda, İrəvan Rusiyadan daha böyük müstəqillik və Qərblə daha geniş siyasi, iqtisadi və hərbi əlaqələrin inkişaf etdirilməsini istəyir.
“Stratfor” qeyd edir ki, Türkiyə- Ermənistan yaxınlaşması Ankaranın Avropa, Qafqaz və Yaxın Şərqi birləşdirən regional “orta oyunçu” kimi mövqeyini gücləndirə və İranın bölgədəki təsirini qismən zəiflədə bilər.
Analitiklər hesab edirlər ki, bu, Ermənistan üçün ticarət yollarının genişləndirilməsi, Qərb bazarlarına çıxış və xarici iqtisadi əlaqələrin şaxələndirilməsi demək olacaq.
Eyni zamanda, Rusiyanın hər iki ölkə ilə münasibətlərinin yaxınlaşma dərinliyini məhdudlaşdıran əsas amil olaraq qaldığı vurğulanır. Hesab olunur ki, Ermənistan Türkiyə və Qərbə çox yaxınlaşarsa, Moskva iqtisadi təsir vasitələrindən istifadə edəcək.
Həmçinin qeyd olunur ki, Ermənistan-Türkiyə sərhədinin mümkün açılması Ermənistandakı daxili siyasi proseslərdən və qarşıdan gələn seçkilərin nəticələrindən asılı ola bilər.
N. Orucov