Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Finlandiya və Baltikyanı ölkələrə Ukraynanın dron hücumları ilə bağlı xəbərdarlıq edib.
Reyting.az-ın məlumatına görə, Şoyqu bildirib ki, son dövrlərdə Ukraynaya məxsus pilotsuz uçuş aparatlarının Finlandiya və Baltikyanı ölkələrin hava məkanından istifadə edərək Rusiyaya hücum halları artıb. Bu isə mülki əhali və infrastruktur üçün ciddi təhlükə yaradır.
Onun sözlərinə görə, bu vəziyyət iki ehtimaldan qaynaqlana bilər: ya Qərbin hava hücumundan müdafiə sistemləri kifayət qədər effektiv deyil, ya da bəzi ölkələr bilərəkdən öz hava məkanlarından istifadəyə imkan verirlər.
Şoyqu əlavə edib ki, ikinci halda bu, həmin dövlətlərin Rusiyaya qarşı təcavüzdə birbaşa iştirak etməsi kimi qiymətləndirilə bilər.
O, həmçinin vurğulayıb ki, belə hallarda BMT Nizamnaməsinin 51-ci maddəsinə əsasən dövlətlərin özünümüdafiə hüququ qüvvəyə minir.
E. Kamal