Rusiya Silahlı Qüvvələri SOCAR-ın Ukraynadakı yanacaqdoldurma məntəqəsinə pilotsuz uçuş aparatları (PUA) ilə zərbə endirib.
Reyting.az AZƏRTAC-a istinadən xəbər verir ki, iyulun 5-i axşam saatlarında Nikolayev vilayətində yerləşən SOCAR yanacaqdoldurma məntəqəsi dron hücumuna məruz qalıb. Hücum nəticəsində yanacaqdoldurma məntəqəsində partlayış baş verib.
"SOCAR Energy Ukraine" şirkəti məlumatı təsdiqləyərək bildirib ki, üç ədəd "Şahed" tipli hücum PUA-sı Nikolayev vilayətinin Neçayane kəndində, Odeska küçəsi 2A ünvanında yerləşən yanacaqdoldurma məntəqəsini hədəfə alıb. Zərbə nəticəsində məntəqənin inzibati binasına ziyan dəyib.
Şirkətin məlumatına görə, qabaqlayıcı təhlükəsizlik tədbirlərinin görülməsi, hava həyəcanı zamanı təhlükəsizlik təlimatlarına ciddi əməl olunması və sığınacağın mövcudluğu sayəsində daha ağır nəticələrin qarşısı alınıb. Hücum zamanı bütün əməkdaşlar sığınacaqda olduqlarından xəsarət alan olmayıb.
Qeyd edək ki, Rusiya ordusu son günlər Ukraynanın müxtəlif bölgələrində yerləşən yanacaqdoldurma məntəqələrinə kütləvi hava zərbələri endirir.
Xatırladaq ki, ötən ilin yayında Ukraynanın Jitomir vilayətinin Berezina kəndində baş vermiş partlayışlar nəticəsində Azərbaycanın "SOCAR Energy Ukraine" şirkətinə məxsus iki yanacaqdoldurma məntəqəsinə də ciddi ziyan dəymişdi.
Bundan başqa, avqustun 8-nə keçən gecə Rusiya Silahlı Qüvvələri SOCAR-ın Ukraynanın Odessa vilayətində yerləşən neft bazasına "Şahed" tipli pilotsuz uçuş aparatları ilə hücum etmişdi. PUA zərbələri nəticəsində yanğın baş vermiş, dörd nəfər ağır yaralanmışdı.