Advert
Advert

Seyran Səxavət: “Milli Məclisdə “arvad” sözünü müzakirə etməkdənsə..."

Tarix:
Seyran Səxavət: “Milli Məclisdə “arvad” sözünü müzakirə etməkdənsə...
Reklam

Yazıçı, şair, dramaturq Seyran Səxavət Milli Məclisin deputatı Bəhruz Məhərrəmovun “arvad” ifadəsinin qanundan çıxarılması barədə təklifini sərt tənqid edib.

Reyting.az xəbər verir ki, S.Səxavət Pravda.az-a açıqlamasında buna qəti şəkildə etirazını bildirib.

 Yazıçı deyib ki, bu təklifi irəli sürənlər səhv edirlər: “Deputatlar Üzeyir Hacıbəyovdan ağıllıdırlar? Üzeyir Hacıbəyov “Ər və arvad” əsərini yazıb. Mənim arvadım elmlər doktorudur, şərqşünaslığı bitirib, Moskvada müdafiə edib, birbaşa doktorluq alıb, həm də dindardır, Allahı çox sevir. Mən ona “arvad” deyirəm. Üzeyir bəy necə deyibsə, mən də elə deyirəm. İyirmi il əvvəl demişdim ki, Milli Məclisdə oturanların 99.9 faizinin yediyi çörəyə heç vaxt and içmərəm. And içsəm, bilin ki, yalandan and içirəm. Parlament gündə bir “quş buraxır”. Heç mən onların varlıqlarını hiss etmirəm. Bu yaxınlarda Milli Məclisin sədrinə məktub yazdım ki, Azərbaycan dili məhv olub gedir, xahiş edirəm, mənə on beş dəqiqə vaxt ayırın, parlamentdə məruzə ilə çıxış edim, sonra da dövlət müdaxilə etsin, Azərbaycan dilini televiziya məkanının təpiyinin altından çıxaraq... Mənə cavab yazdılar ki, hörmətli Seyran müəllim, biz dinləmələr keçiririk, sizi burada görmək xoş olardı. Üç-dörd cümləlik məktubda beş dənə imla səhvi tapdım, qələmlə düzəltdim. Görmürsünüz, nələr deyirlər? Biri deyir ki, xarici ölkələrdə ona görə “uşaqpulu” verirlər ki, orada uşaq doğulmur deyə guya valideynləri həvəsə gətirirlər. Başqası deyir ki, “uşaqpulu” versək, valideynlər tənbəlləşəcəklər. O biri də deyir ki, evdə arvad kişiyə çay versə, kişi ona pul verməlidir ki, ay arvad, sağ ol, mənə qulluq edirsən. Nə Milli Məclis? Görünür, parlamentdəki  bəzi deputatlar bekarlıqdan bilmirlər, nə etsinlər. Bekarlıqdan əziyyət çəkən Milli Məclis üzvlərinə bir tövsiyəm var: “arvad” sözünü müzakirə etməkdənsə, o arvadların ərlərinin maaşlarını artırsınlar, onda o arvadlara “arvad” deyəndə onlar da “arvad” sözünü “xanım” kimi eşidəcəklər və çox xoşbəxt görünəcəklər”.

Reklam