“Marallarım” silsiləsindən ikinci yazı
Müəllif: BİRCƏ
(Əbdürrəhim bəy Haqverdiyevin ruhuna sonsuz ehtiramla)
Allah Sənə qəni-qəni rəhmət eləsin, Əbdürrəhim bəy! Bu cızma-qaraları Sənin marallarından ilhamlanıb yazıram.
Məndəkilər çox bicəltəkdilər, səninkilərin əlinə çöpü cüt-cüt verərlər. Gəl gör mənim nə qədər dodağı pöşük, yanbızı şişik, qarpız boyda başının içində darı dənəsi qədər ağlı olmayan, ev yıxan, yuva dağıdan marallarım var. Səndə belələri çətin tapıla.
Mənim də həci, kərbəlayı maralım çoxdu. Bu gün onun birindən danışmaq istəyirəm Sənin müqəddəs ruhunun hüzurunda.
Sinəsi yaralı aşıq sazını basdı sinəsinə, “Paşaköçdü” havası üstündə aldı görək nə dedi…
Hər elin bir yazığı, hər obanın bir qadasovanı olur. Cabir də bizim kəndin payına düşmüşdü. Ailədə yeddi uşağıydılar – dörd bacı, üç qardaş. Tək Cabir bir az başqa cürüdü, qalanlardan seçilirdi: enlikürək, gensinə, hündürboy, qalın qaşlı, yoğun biləkli. Cabiri görən elə bilərdi Koroğlunun dəlilərindəndi, indicə Çənlibeldən enib.
Bu cüssəli oğlanın ikicə eybi vardı: kəkov idi, özü də hər şeyə gülürdü. Dıqqılıca ağlı yaşından geri qalmışdı, yekəlmirdi ki, yekəlmirdi. Gimgədə kəndin cahılları domino çırpanda Cabir də özündən azı on yaş balaca biriylə oynayardı. Hüllükbaz uşaq beşin yerinə altılığı qoyub Cabiri udanda təpiyi yer cıran oğlan şaqqanaq çəkib gülərdi. Ayrısı olsaydı, o uşağın heç olmasa qulağını çəkər, başına bir çırtma vurardı, amma Cabir gülürdü.
Ailələrində hamı bələ-böyür olmuşdu – qardaşlar evlənmişdi, bacılar ərə getmişdi. Tək Cabir subayıdı, o da anası kimi balaca qardaşının külfətiylə yaşayırdı. Kəndin qızları qollarına vedrə keçirib ortalıqdakı arteziandan su daşıyanda Cabir də su qablarını götürüb anasının suyunu gətirirdi. Ərgən qızlar ona salam verəndə Cabirin dili batırdı. Üzünün ifadəsindən, bir də çıxardığı qəribə səslərdən anlaşılırdı ki, şir pəncəli oğlan qəşş eləyib için-için gülür.
Cabir rəhmətlik Nəzakət Məmmədovanın dəlisiydi. Müğənni dünyadan vaxtsız köçəndə kənddə heç kim ürək eləyib bu xəbəri ona vermədi, anası son nəfəsinəcən Cabirə Nəzakətin öldüyünü bildirmədi. Cabir müğənninin saçları dəyirmi kəsilmiş şəklini hansısa jurnaldan qoparıb otağından asmışdı. Göyçək Nəzakət oxuduqca Cabir özünü çimdikləyirdi, baş barmağıyla başala barmağının arasındakı yeri dişləyirdi, hoppanıb-düşüb bərkdən gülürdü. Mahnı bitəndə oğlan azarlı cücə kimi büzüşüb çarpayısının ortasında domuşurdu.
Cabirin qardaşı arvadıyla mənim anam siğə-bacı olmuşdu. Bu qohumluğa görə istədiyim vaxt o evə girib-çıxa bilirdim. Fil gövdəli maralım xanəndə İslam Rzayevin elə bilərdin əkiztayıdı. Onun da məlahətli səsi vardı, özü də ancaq oxuyanda kəkələmirdi. Xanəndələrdən eşitdiyi qəzəlləri, mahnı sözlərini aydın tələffüz eləyirdi. Di gəl, eygili vaxtda bilməzdin nə deyir, xüsusən də “ç”, “d” samitləriylə başlanan sözlər onun əhədini kəsirdi. Anası bizə çörəyə göndərəndə qara gözləri köşək gözü kimi oynayan oğlan o qədər “çççççç…” eləyirdi ki, gözü bərəlib sulanırdı, handan-hana qəfil üzünü çevirib ucadan ağlaya-ağlaya qaçırdı.
Hamımız anlayırdıq ki, Cabirin anası Tamam nənə xəmir yoğurub, bir azdan təndir odlayacaq, Cabir acdı deyə onu borc çörəyə göndərib. Yeri gəlmişkən, gözdən-könüldən uzaq əyalətdə adamlar qonşuya bir salım çay, bir atım duz, bir qəlib sabun, ya bir təndir çörəyindən ötrü borca rahat gedə bilirdilər. Hamı bilirdi ki, gündüz qonşuya borc verdiyi axşam artıqlamasıyla geri dönəcək.
Cabir yay qarı kimiydi, hamının işinə yarıyırdı: kiminin odununu yarırdı, kiminin qoyununu qırxırdı, kiminin otunu çalırdı. Heç kim onu incitməzdi, nə istəsəydi, verərdilər. Hər şeydən çox siqaret, limonad, corab, konfet istəyərdi. Cabirin daha bir şakəri vardı, yeməyə çox hərisidi. Hərdən bizdə nəsə yeyəndə ondan qorxurdum, payını bol çəkirdim, elə bilirdim qabında ət az olsa, dartıb balaca qardaşımı yeyəcək. Ancaq əlbəttə, yanılırdım, Cabir mələk kimiydi – heç qabağına bişmiş qoyma, eləcə bir yekə çörək ver, onu da bal kimi içəri ötürəcəkdi.
Kəndimizin bütün toylarının açılışını Cabir eləyirdi. Cavanlar şıq geyimli, “Krasnı Moskva” qoxulu, parıldayan ayaqqabılı yekəpər oğlanı səhnəyə çağırıb, özü demiş, quyruqlu mikrofonu ona verirdilər. Mikrofonu əlinə alar-almaz Cabiri səydərəş gülmək tuturdu, gözüyumulu uğunub gedirdi. Bu vaxt lotulardan biri onu dümsükləyirdi:
– Ta qurtar görək, xanəndə indicə gələcək.
Cabir diksinib ayılandan sonra mikrofonu ağzına tutub titrəyə-titrəyə oxuyurdu:
Cavanşirəm, Babəkəm, Nəbiyəm, Koroğluyam,
Azərbaycan oğluyam…
Hərdən dəcəlov, tülüngü cavanlar Cabiri yoldan çıxarıb, “Mən bu elin qızıyam, anamdı Azərbaycan”ı da oxudurdular. Hamı onun başına şabaş səpirdi, sovetin sarı təkliklərini komalayıb kəndimizin bülbülünün ciblərinə dürtürdülər.
Mənim maralımın daha bir qəribə şakəri vardı: kəndin gözəl qızlarına sevgi məktubları yazardı. Qızlar o məktubları dilə-dişə salmazdılar, hətta insaflısı ona cavab da yazıb göndərərdi, “Çox sağ ol, ay Cabir, nə qəşəng məktub yazmısan… Ömrümdə aldığım ilk məktubdu… Toyuna gəlim, toyunda oynayım…” kimi sözlər. Belə cavab məktublarını alanda əlindəki beli, nə bilim, baltanı tullayıb evlərinəcən qaçardı, əl-üzünü yuyub yatağına girərdi, məktubu oxuyub yorğanın altında ağlayardı. Qızlar Cabiri sevindirmək üçün yazdıqları cızma-qaranın arasına ətir də səpərdilər, bu da sadədil cavanı həftələrlə xoşbəxt eləməyə yetərdi.
Hamı evini, uşağını, malını Cabirə ürəklə amanatlaya bilirdi, çünki onun yekəpər bədənindəki incə ürəyində pisliyə, xainliyə yer yoxudu.
Bircə arzusu varıdı – evlənmək. Elin yaylaq vaxtıydı deyə onun birinci toyunu mən görmədim. Anası, qardaşları Cabirə layiqli toy eləmişdilər, kənd camaatı da bəyi urvatlı tutmuşdu. Hamının Cabirə borcu vardı – birinin dədəsinin qəbrini qazmışdı, birinin anasının yasında çayçılıq eləmişdi, birinin toy odununu doğramışdı… El də qulbundan qopanı xonçasına qoyub bəy evinə yollanmışdı, kəndin sanballı cahılları Cabirə sağdış, soldış olmuşdular, onu bəy hamamına aparmışdılar. Hərəsi bir sap verib ona bəy köynəyi toxutmuşdu. Axırda da bəyi yaxşıca təriflədib ədəb-ərkanla gəlin otağına göndərmişdilər.
Yazıq Cabirin qiyaməti də elə o gecə başlanmışdı: qurğuşun biləkli oğlan gəlinə yaxın dura bilməmişdi, qızı gördükcə kəkələmişdi, kəldirləyib yıxılmışdı, qacıyıb yerdə qalmışdı. Toydan keçən üçüncü gün Cabirin pərtov qardaşı təzəbəyi möhkəm döymüşdü, öz toyunu yasa çevirən yazıq yağışlı gecədə evdən qaçmışdı. Səhəri onu zığın-zımrığın içindən tapıb xalasıgildə daldalamışdılar. Cabirin dili o batan batmışdı.
Ürəyi arzularla dolu gəlin təzə yuvasında bal əvəzinə kötək yemiş kimi barxanasını yığıb getdi. Qonşu kənddəki erməni həkim bizim qəhrəmanı uzun-uzadı müalicə elədi, Cabirin dili yavaş-yavaş açılmağa başladı.
Aradan bir neçə il də keçəndən sonra Cabir yenə arvad almaq istədi. Bütün kəndi anasına minnətçi saldı, aralı rayonda ərdə olan bacısı ona bir qaraçı qızı gətirdi. Cavanlar toplaşıb yenə Cabirə toy çaldırdılar, bu dəfəki komsomol toyu oldu.
Bəyimiz indi də başqa pəstaha çıxardı: ciblərinə daş yığıb qapılarındakı iri tut ağacına dırmaşdı, ağaca çıxıb onu düşürmək istəyənləri daşa basdı. Oturdu Əlburzun təpəsində, çavalğan inək kimi heç kimi həndəvərinə buraxmadı.
İrəliki gəlin bir ay qalmışdı, bu dəfəki üç gün sonra boxçasını yığıb təzərəkləndi. Gəlini görmüşdüm – dəlməgöz, qıvrımsaç, gülərüz bir xanımıydı. Tamam xala tutun dibində durub kasavat oğlunu altdan-yuxarı tənbehləyirdi:
– Cabir, bax bu, sənin alnına doğmuş axırıncı gündü. Düş, bala, düş gəlinə yiyə dur, sənin də bir yurdçun olsun.
Cabir gözünün yaşını yuxarıdan dolu kimi töküb qışqırırdı:
– Gəlin çox qəşəngdi, mən onunla yata bilmərəm.
Tamam xala budlarına şappıltıyla döyüb deyirdi:
– Ay belin qırılsın, hamı yatmağa qəşəng gəzir dayna, düş aşağı!..
Düşmədi, düşə bilmədi. Ağbirçəklər deyirdilər gədə bircə dəfə arvadın dadına baxsa, evdən çölə çıxmaz. Di gəl, mənim maralım özünü o dada ömürlük tamarzı qoydu.
Lotular bir dəfə onun cibində nəsə gizlətdiyindən duyuq düşüblər, girəvə tapan kimi gizlicə cibinə baxıblar: sonuncu gəlinin lifçiyi imiş, Cabir onu yekə bir qəzetə büküb, qəzeti də sellofan torbaya salıb cibində gəzdirirmiş. Sonralar utandım soruşmağa, görüm lifçiyi neyləyib.
Anası öldüyü gün mən də haya getmişdim. Meyit yuyata götürülənəcən o boyda kişini mafədən qopara bilmədik. Yağış suyu yuxarı dammaz deyiblər, Cabir də anasının qayıtmayacağını düşündükcə sonrakı günlərinə ağlayırdı. Ancaq bacı-qardaşları, onların uşaqları, bütövlükdə elin cavanı-qocası birləşib Cabiri sinsiməyə qoymadılar.
Müharibənin şıdırğı vaxtlarında Cabirin güllə səsindən, mərmi gurultusundan bağrı yarılırdı. Uzaq rayonda ərdə olan bacısı bir gün gəlib onu evinə apardı, Cabir bir il oralarda daldalandı. Ancaq ondan artıq qala bilmədi, qayıdıb yenə kəndə gəldi.
Atışma düşən kimi kənddən çıxan ilk maşına qonurdu, baş alıb gedirdi. El geri qayıdanda o da qayıdırdı. Sonralar davanın səs-küyünə öyrəşdi, partıltıdan-gurultudan qorxmadı, döyüşlərin ən qızğın çağında belə kənddən çıxmadı.
Yabanı bitkiləri gözəl tanıyırdı, bir də görürdün əlində torba dolu pencər qapıdan girdi: laladibi, əvəlik, yemlik, unluca, turpəng, yarpız… Yığdığını üzünə xoş baxan qadınlara verirdi, onlar da sac asıb kətə bişirirdilər, kətənin ilkini yağlayıb onun qarnını doyururdular, qalanı da ev adamına qalırdı.
Sonra Cabirin özündən on yaş kiçik qardaşı da yatıb durmadı. Yazıq qaldı qardaşı arvadının, qardaşı balalarının umuduna. Cabirin üzünü çox vaxt həmən qardaşının arvadı qırxırdı, əyninə təzə paltar alırdı. Bir sözlə, hamı əlbir olub onu sınmağa, korluq çəkməyə qoymurdu. Yaşlanmışdı, amma köşək gözləri hələ də şövqlə qaynayırdı. Gülüşü solmamışdı, səsi yerindəydi.
Aprel döyüşlərindən az əvvəl Cabir qəfil zavala gəldi. Həmin axşam çimib, təmiz paltarını geyinib gimgəyə çıxıbmış. Gün bir azdan ilaxır çərşənbəsinə dönəcəkmiş.
Cavanlar Cabiri çayxananın qabağında sərili dominolarına, açıq nərdtaxtalarına qarovulçu qoyub evlərinə dağılıblar. Damdakı mal-qaralarını rahatlayıb, bir tikə çörək yeyib “iş başına” qayıdacaqmışlar.
Cabir həmişəki kimi kəndin uşaqlarını başına cəmləyib oturur. Yaramazlardan biri əlindəki partlağanı yandırıb pəhləvan cüssəli kişiyə deyir:
– Cabir baba, gözünü yum, ağzını aç.
Bu yesir də uşağın dediyinə uşaq kimi əməl eləyir. “Vzrıv paket” dedikləri o şeytan qurğusu Cabirin ağzında partlayır…
Zavallı düz bir həftə dilibatılı qaldı. Novruz bayramından sonra bir axşamüstü Cabir sevgi dolu nakam ürəyini də götürüb bizim dünyamızdan getdi. Kəndimizin ağbirçəyi Məhliqa xala Cabiri də şəhidlərimizə qatıb belə ağlayırdı:
– Toysuzum lay-lay, əli xına tutmayanım, çiyni gərdək görməyənim, bağı-bostanı bar verməyənim lay-lay!..
İnanıram ki, Cabir haqq divanında da ölümünə bələdçilik eləmiş o yaramaz uşaqdan şikayətçi olmayıb.
Aprel 2026-cı il