Pakistanın vasitəçiliyi ilə İslamabadda ABŞ və İran arasında növbəti danışıqların keçirilməsi nəzərdə tutulsa da, İran tərəfinin görüşdən imtina etmək istəyi səsləndirilir. İranın bu görüşdən imtinası danışıqlar prosesində boşluq yaradaraq regional gərginliyin daha da artmasına səbəb ola bilər. Nəticədə, İrana qarşı daha sərt hərbi qərarların qəbul edilməsi ehtimalı yüksəlir.
Professor Qabil Hüseynli “Reytinq” qəzetinə bildirib ki, əgər İran İslamabadda keçiriləcək danışıqlara qatılmasa, ABŞ və İsrailin mövqeyi daha da güclənəcək və beynəlxalq ictimaiyyətdə İran diplomatiyadan imtina edən tərəf kimi görünəcək.
Q. Hüseynlinin iddiasına görə, müharibə başladıqdan sonra İranda hakimiyyət boşluğu yaranıb və bundan istifadə edən İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ölkədə hakimiyyəti faktiki olaraq tam nəzarətə götürüb.
Professor qeyd edib ki, İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf özünü ölkə rəhbərlərindən biri kimi aparsa da, əslində SEPAH-a yaxın fiqur təsiri bağışlayır: “Dünya müəyyən mənada, xüsusilə İslamabad görüşündən sonra Qalibafı real lider kimi qəbul etsə də, əslində o, SEPAH generallarının təsiri altında olan şəxs kimi görünür. Ola bilsin ki, hazırda İrana faktiki rəhbərlik edən qüvvələr özlərini daha güclü və məğlubedilməz hesab edirlər. Ancaq kənardan baxdıqda onlar zəifləmiş, müqavimət qabiliyyəti azalmış və ölkəni tənəzzülə aparan xətt kimi görünürlər”.
Q. Hüseynli hesab edir ki, İranı qızışdıran əsas qüvvələr Çin və Rusiyadır: “Onlar İrana müəyyən qədər silah ötürür, ölkəni idarə edən generalları müharibəyə təşviq edirlər. Bu, eyni zamanda qlobal güclər arasında dünyanı yenidən bölüşdürmək uğrunda aparılan mübarizənin tərkib hissəsidir. Yəni İrandan istifadə etməklə ABŞ-ı zəiflətmək, bölgədən sıxışdırmaq və nüfuzunu azaltmaq istəyirlər. Məncə, bu şəkildə qızışdırılan generalların seçdiyi yol İran xalqının maraqlarına və dövlətin strateji gələcəyinə ziddir”.
Professorun sözlərinə görə, ölkədə formal olaraq xalq tərəfindən seçilmiş prezident olsa da, onun səlahiyyətlərini tam həyata keçirməsinə imkan verilmir. Bu isə İran xalqının maraqları ilə ziddiyyət təşkil edir.
Q. Hüseynli əlavə edib ki, normal şəraitdə İran tərəfi danışıqlara qatılmalı, öz mövqeyini ifadə etməli və prosesi irəli aparmalıdır: “Ən azı hücumların qarşısını almaq, dövlət strukturunun dağıdılmasına imkan verməmək üçün İran diplomatik masada təmsil olunmalıdır. Lakin Qalibaf önə çıxarılaraq danışıqlardan imtina edildiyi bildirilir. Məncə, İslamabadda gözlənilən görüş baş tutmasa, İrana qarşı daha güclü zərbələrin endirilməsi gündəmə gələ bilər. Yəni yaranan fasilədən sonra növbəti hücumun şahidi ola bilərik. Üstəlik, İranın hava hücumundan müdafiə sistemi demək olar ki, zəifdir və ya effektiv deyil. Bu baxımdan tərəflər arasında razılaşma və sülhün əldə olunması daha məqsədəuyğundur”.
N. Orucov
Reyting.az