Avropa Komissiyası Avstriya, Danimarka, Fransa, Almaniya, İtaliya, Hollandiya, Norveç, Sloveniya və İsveç tərəfindən daxili sərhəd nəzarətinin müvəqqəti olaraq yenidən tətbiq edilməsinə münasibət bildirib.
Reyting.az xəbər verir ki, Komissiyanın bəyanatında Şengen məkanında uzun müddətdir qüvvədə olan daxili sərhəd nəzarətinin tədricən ləğv edilməsinə və onların əvəzinə daha effektiv təhlükəsizlik tədbirlərinin tətbiqinə çağırış olunub.
Sənəddə bəzi üzv dövlətlərin təhlükəsizlik təhdidləri və qeyri-qanuni miqrasiya kimi ciddi problemlərlə üzləşdiyi qəbul edilsə də, daxili sərhəd nəzarətinin yalnız müstəsna və müvəqqəti tədbir kimi istifadə edilməli olduğu vurğulanıb.
Bəyanatda qeyd edilir ki, daxili sərhəd nəzarəti ilə müqayisədə daha səmərəli və təsirli alternativlər mövcuddur.
Bu çərçivədə risk əsaslı polis yoxlamaları, mobil biometrik identifikasiya sistemləri və nəqliyyat vasitələrinin izlənilməsi texnologiyaları kimi vasitələrə diqqət çəkilib. Bildirilib ki, Şengen məkanında insanların sərbəst hərəkətini məhdudlaşdırmadan da təhlükəsizlik risklərini idarə etmək mümkündür.
Komissiya vurğulayıb ki, daxili sərhəd nəzarəti qonşu ölkələrə və sərhəd bölgələrində yaşayan vətəndaşlara birbaşa təsir göstərir. Buna görə də işçilərin, müəssisələrin və regional əməkdaşlığın zərər görməməsi üçün mənfi nəticələrin minimuma endirilməsi vacibdir.
Bəyanatda fikirlərinə yer verilən Avropa Komissiyasının vitse-prezidenti Henna Virkkunen bildirib ki, Şengen sistemi Avropanın ən mühüm nailiyyətlərindən biridir:
“Şengen 450 milyondan çox insanın sərbəst hərəkət azadlığını təmin edir. Mesajımız aydındır: sərhəd nəzarəti yenidən tətbiq olunarsa, bu, yalnız müvəqqəti və müstəsna xarakter daşımalıdır”.
E. Kamal