“Amerikalılar İranla sülhü qorumaq və ölkə daxilində vəziyyəti yaxşılaşdırmaq üçün prezident Donald Trampı dayandırmalıdırlar”.
Reyting.az xəbər verir ki, bunu ABŞ Senatının azlıq lideri Çak Şumer “X” platformasında yazıb.
Ç. Şumer qeyd edib ki, əgər D. Tramp bu müharibəni bərpa edərsə, ABŞ üçün daha pis olacaq: “Bu müharibəyə birdəfəlik son qoymaq üçün Müharibə Səlahiyyətləri Qətnaməsini qəbul etməliyik".
O, İranla müharibənin ABŞ üçün hazırkı vəziyyəti Tehranla toqquşmadan əvvəlkindən də pis hala gətirdiyini iddia edib.
"Tramp hərbi axmaqdır", - deyə senator yekunlaşdırıb.
Qeyd edək ki, Müharibə Səlahiyyətləri Qətnaməsi ABŞ Nümayəndələr Palatası və Senatın 7 noyabr 1973-cü ildə qəbul etdiyi birgə qətnaməsidir və federal qanuna bərabərdir. Qətnamə Ağ evdən Amerika hərbi qüvvələrini xaricə göndərməzdən əvvəl ABŞ Konqresi ilə məsləhətləşmələri tələb edir.
Mart ayında ABŞ Senatı Donald Trampın İranla hərbi əməliyyatların artmasının qarşısını almaq üçün nəzərdə tutulmuş Müharibə Səlahiyyətləri Qətnaməsini rədd edib.
Onu da qeyd edək ki, 8 aprel gecəsi ABŞ prezidenti İranla iki həftəlik atəşkəs barədə razılığa gəldiyini bildirdi. Daha sonra İranın xarici işlər naziri Abbas Əraqçi dünya neftinin, neft məhsullarının və mayeləşdirilmiş təbii qazın təxminən 20 faizinin keçdiyi Hörmüz boğazının açıldığını elan etdi.
V. Quliyev