Çağdaş Azərbaycan poeziyasının sayılıb-seçilən imzalarından birinin - söz rəssamı Ramiz Qusarçaylının şeir gülüstanından daha bir nümunəni xiridarların diqqətinə çatdırırıq. Reyting.az xəbər verir ki, cəmiyyətin əyrilikləri ilə barışmamağın, taleyin amansız sınaqlarından mərdanəliklə üzüağ çıxmağın bənzətmə, metafora ilə, bir az da ezop üslubunda yaradılan tablosu vəzn, forma və məzmunca mükəmməldir.
***
Sapsarı kövşən içində
Məni yuxarı yıxdılar,
Mən yuxarı yıxılmadım.
Məni aşağı sıxdılar,
Mən aşağı sıxılmadım.
Məni dilimdən kəsdilər,
Mən dilimdən kəsilmədim.
Məni sözümdən asdılar,
Mən sözümdən asılmadım.
Məni gücümdən qırdılar,
Mən gücümdən qırılmadım.
Məni içimdən vurdular,
Mən içimdən vurulmadım.
Üstümə dağ aşırtdılar,
Nə dağ batdı, nə də adım.
Dalımca çox daş atdılar
O daşları sığalladım.
Sapsarı kövşən içində
Yaşıl tağam.
Bir belə düşmən içində
Hələ sağam, hələ sağam...