Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının üzvü, Gəncə “İmamzadə” ziyarətgahının imamı Hacı Tahir Abbasovun səhhəti yenidən pisləşib və onun təcili olaraq Bakıda yerləşən xəstəxanalardan birinə təkrar cərrahi əməliyyat üçün gətirildiyi bildirilir.
Reyting.az-ın məlumatına görə, din xadiminin ailə üzvləri deyiblər ki, müxtəlif xəstəliklərdən əziyyət çəkən Hacı Tahir Abbasov bu yaxınlarda Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində əməliyyat olunub və görmə qabiliyyəti qismən bərpa olunub. Lakin dünəndən etibarən onun görmə qabiliyyəti yenidən kəskin şəkildə zəifləyib.
Ailə üzvləri bildiriblər ki, xalqına, dövlətinə və Azərbaycanın müstəqilliyinə xidmət etməyi həyat amalına çevirən Hacı Tahir Abbasov görmə qabiliyyətini tamamilə itirmək təhlükəsi ilə üz-üzədir:
“Şəhidlərimizin əziz xatirəsini hər zaman böyük ehtiramla yad edən, şəhid ailələri ilə görüşlərdə və anım tədbirlərində dərin hisslər keçirən Hacı Tahir Abbasovun yaşadığı mənəvi sarsıntılar, göz yaşları, eləcə də qardaşının şəhid olması zamanla onun sağlamlığına təsirsiz ötüşməyib. Ömrünün böyük hissəsini milli dəyərlərin qorunmasına, vətənpərvərlik ideyalarının təbliğinə və cəmiyyətə xidmətə həsr edən din xadiminin səhhətindəki problemlər onu ağır vəziyyətə salıb. Hazırda onun ən ciddi sağlamlıq problemlərindən biri görmə qabiliyyətini demək olar ki, itirməsidir”.
Bildirilir ki, əməliyyata qədər din xadiminin görmə imkanları məhdud olsa da, o, ətrafı müəyyən qədər görə bilirdi. Həkimlərin tövsiyəsi ilə həyata keçirilən əməliyyatdan sonra isə vəziyyəti daha da ağırlaşıb və görmə qabiliyyətini demək olar ki, tamamilə itirib.
Reyting.az-ın əməkdaşı Hacı Tahir Abbasovla da əlaqə saxlaya bilib. O, vəziyyəti barədə ətraflı danışmasa da, fikrini qədim bir rəvayətlə ifadə edib:
“Bir gün şah qışın sərt günlərində sarayın qapısında xidmət edən əsgərin nazik geyindiyini görərək ona isti paltar verilməsini tapşırır. Lakin günlər keçir və əsgərə vəd edilən paltar verilmir. Bir müddət sonra onun xəstələndiyini görənlər səbəbini soruşduqda əsgər belə cavab verir:
Mən illərlə bu geyimdə xidmət etmişəm və xəstələnməmişəm. Amma mənə isti paltar veriləcəyi vəd olunandan sonra ümidlə gözlədim. Elə həmin ümid məni xəstələndirdi.
Bu rəvayət bir çox hallarda insanların yaşadığı mənəvi sarsıntıları və doğrulmayan gözləntilərin yaratdığı ağrını ifadə edir”.
Görünür, Hacı Tahir Abbasovun vəziyyəti də müəyyən mənada bu hekayəni xatırladır. Sağalmaq ümidi ilə atılan addımın nəticəsində vəziyyətinin daha da ağırlaşması onun və ailəsinin üzləşdiyi ən böyük sınaqlardan birinə çevrilib.
Hazırda Hacı Tahir Abbasovun görmə qabiliyyətinin bərpası üçün müalicəsinin davam etdirilməsinə ehtiyac olduğu bildirilir. Ailəsi və yaxınları onun sağlamlığının bərpası və yenidən işıqlı günlərə qovuşacağına ümid edirlər.
Qeyd olunur ki, Hacı Tahir Abbasovun keçdiyi həyat yolu, vətənə və xalqa xidməti hər zaman hörmətlə xatırlanır. Bu gün isə onun ən böyük ehtiyacı mənəvi dəstək, diqqət və sağlamlığına qovuşması üçün göstərilən yardımdır.
V. Quliyev