Advert
Advert

Əsəd hakimiyyətinin rəsmi şəxsini mühakimə edirlər

Tarix:
Əsəd hakimiyyətinin rəsmi şəxsini mühakimə edirlər
Reklam

Suriyada sabiq prezident Bəşər Əsəd dövründə xidmət etmiş ilk yüksək vəzifəli məmurun açıq məhkəmə prosesi başlayıb.

Reyting.az xəbər verir ki, Dəməşqdə Deraa əyalətinin keçmiş siyasi təhlükəsizlik rəhbəri Atef Nəcib mühakimə olunur. O, “Suriya xalqına qarşı cinayətlər”də və 2011-ci il qiyamı zamanı etirazçılara qarşı zorakı əməliyyatlara rəhbərlik etməkdə ittiham edilir.

Məlumata görə, vətəndaş müharibəsinin başlanmasından 15 il sonra keçirilən bu proses Əsəd dövrü rəsmilərinə qarşı ilk açıq məhkəmə hesab olunur. Bazar günü keçirilən hazırlıq iclasında Nəcib məhkəmədə yeganə təqsirləndirilən şəxs olub.

Onunla yanaşı, qiyabi olaraq sabiq prezident Bəşər Əsəd və qardaşı, Suriya ordusunun 4-cü Zirehli Diviziyasının keçmiş komandiri Mahir Əsəd də ittiham olunur. Onlara qarşı qətl, işgəncə, şantaj və narkotik qaçaqmalçılığı ilə bağlı ittihamlar irəli sürülüb.

Suriya dövlət xəbər agentliyi SANA-nın məlumatına görə, məhkəmə prosesi zamanı Deraa şəhərində baş verən hadisələr, xüsusilə də məktəb divarına hökumət əleyhinə şüarlar yazan yeniyetmələrin həbs olunaraq işgəncəyə məruz qalması epizodu araşdırılır. Həmin hadisə sonradan geniş xalq üsyanına səbəb olmuşdu.

Məhkəmə binası qarşısında izdiham toplaşıb, qurbanların ailə üzvləri də prosesdə iştirak ediblər. Suriya Ədliyyə Nazirliyinin sözçüsü bildirib ki, keçid ədalətinin təmin olunması üçün məhkəmənin açıq keçirilməsi vacibdir.

Qeyd edək ki, sonradan genişlənən etirazlar 14 il davam edən vətəndaş müharibəsinə çevrilib. Müharibə 2024-cü ilin dekabrında Əsədin sürətli üsyançı hücumu nəticəsində devrilməsi ilə başa çatıb. O, daha sonra Rusiyaya qaçıb, yaxın ətrafının əksər üzvləri isə ölkəni tərk edib.

Hazırkı müvəqqəti prezident Əhməd əl-Şaraanın rəhbərlik etdiyi hökumət keçid ədaləti prosesini gecikdirdiyinə görə tənqid olunsa da, son dövrlər Əsəd rejimi ilə əlaqəli şəxslərin məsuliyyətə cəlb olunması istiqamətində daha fəal addımlar atır.

V. Quliyev
 

Reklam