NATO Ukraynanın hava hücumundan müdafiə sistemlərinə olan bütün tələbatını tam şəkildə ödəmək imkanına malik deyil.
Reyting.az xəbər verir ki, bu etirafı NATO-nun baş katibi Mark Rutte edib.
Bununla belə, o vurğulayıb ki, NATO-ya üzv dövlətlər bu istiqamətdə əllərindən gələni edirlər.
Rutte Rusiyanın Kiyevə endirdiyi zərbələrlə bağlı sualı cavablandırarkən bildirib ki, NATO ölkələrinin arsenalında raket tutucularının sayı məhduddur.
Baş katib 7-8 iyul tarixlərində Ankarada keçiriləcək NATO sammiti ərəfəsində təşkil olunan mətbuat konfransında deyib ki, ABŞ Ukraynanın Prioritetləşdirilmiş Tələblər Siyahısı (PURL) üzrə öhdəliklərini yerinə yetirmək üçün əlindən gələni edir: “Hazırda da Ukraynaya PURL çərçivəsində müxtəlif hərbi təchizat, o cümlədən raket tutucuları göndərilir".
Qeyd edək ki, Ukrayna üçün Prioritetləşdirilmiş Tələblər Siyahısı ABŞ istehsalı olan hərbi texnika və sursatların Ukraynaya tədarükünü əlaqələndirmək məqsədilə NATO çərçivəsində yaradılmış mexanizmdir.
E. Kamal