Advert
Advert

Rusiyanın İsveçdəki səfirliyinə dron hücumu olub

Tarix:
Rusiyanın İsveçdəki səfirliyinə dron hücumu olub
Reklam

İsveçdəki Rusiya səfirliyi diplomatik nümayəndəliyin ərazisinə növbəti dəfə pilotsuz uçuş aparatları (PUA) ilə hücum edildiyini açıqlayıb. 

Reyting.az xəbər verir ki, səfirliyin “Telegram” kanalında yayılan məlumata görə, dronlardan biri əraziyə qırmızı boya qabı atıb, digəri isə saxta partlayıcı qurğu ilə diplomatik missiyanın yaxınlığında yerə düşüb.

Səfirliyin bəyanatında bildirilir ki, ikinci dronun saxta partlayıcı qurğu ilə təchiz olunması hadisənin adi təxribatdan kənara çıxdığını və diplomatik missiya əməkdaşlarını qorxutmağa yönəldiyini göstərir.

Bəyanatda həmçinin vurğulanır ki, İsveçdəki Rusiya diplomatik nümayəndəliyinə qarşı davam edən hücumlara və onların mümkün nəticələrinə görə məsuliyyət İsveç tərəfinin üzərinə düşür.

Diplomatik missiya qeyd edib ki, bu cür insidentlər artıq sistematik xarakter alıb. 

Səfirliyin məlumatına görə, 1961-ci il Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasına əsasən, İsveç hakimiyyəti ölkə ərazisində fəaliyyət göstərən xarici diplomatik nümayəndəliklərin toxunulmazlığını və təhlükəsizliyini təmin etməyə borcludur.

Rusiya diplomatlarının sözlərinə görə, İsveç hüquq-mühafizə orqanları indiyədək baş vermiş çoxsaylı insidentləri yalnız formal şəkildə qeydə alıb. Bildirilir ki, son iki ildən artıq müddətdə onlarla təxribat faktı araşdırılsa da, bu günədək heç bir nəticə əldə olunmayıb və hadisələri törədən şəxslər müəyyən edilməyib.

Səfirlik daha əvvəl TASS-a bildirmişdi ki, 2024-cü ilin may ayından etibarən İsveçdəki Rusiya diplomatik nümayəndəliklərinə qarşı dronlardan istifadə edilməklə təxminən 20 hücum qeydə alınıb. Bu hücumlar zamanı əsasən boya qabları atılıb və nəticədə maddi ziyan dəyib. Diplomatik missiyanın məlumatına görə, bəzi hallarda şüşə boya qablarından istifadə olunub ki, bu da ciddi xəsarətlərə səbəb ola bilərdi.

Səfirlik hər bir insidentlə bağlı polisə müraciət etdiyini və İsveç Xarici İşlər Nazirliyinə nota göndərərək ölkənin Vyana Konvensiyası üzrə öhdəliklərini yerinə yetirməsini tələb etdiyini bildirib. Bununla yanaşı, diplomatik nümayəndəlik təhlükəsizlik tədbirlərinin gücləndirildiyini, lakin imkanlarının məhdud olduğunu qeyd edib.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova isə bildirib ki, İsveçdəki Rusiya diplomatik nümayəndəliklərinə qarşı dron hücumları İsveç hakimiyyətinin tam nəzarəti altında baş verir. Onun sözlərinə görə, Moskva Stokholmdan 1961-ci il Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyası üzrə öhdəliklərinə ciddi əməl etməsini tələb edir. Zaxarova əlavə edib ki, İsveç hakimiyyəti həm beynəlxalq öhdəliklərini yerinə yetirmir, həm də daxili qanunvericiliyin effektiv icrasını təmin edə bilmir.

V. Quliyev 

Reklam