Advert
Advert

Rusiyada tələbələri Ukrayana ilə döyüşə cəlb edirlər

Tarix:
Rusiyada tələbələri Ukrayana ilə döyüşə cəlb edirlər
Reklam

Rusiyada ali məktəb tələbələrini Ukraynaya qarşı döyüşmək üçün pilotsuz təyyarə bölmələrində xidmətə cəlb edirlər. Onlara sərfəli müqavilələr təklif olunur və cəbhəyə göndərilməyəcəkləri vədini verirlər. Amma bu vədlərin həmişə yerinə yetirilmədiyi bildirilir.

Reyting.az-ın məlumatına görə, dron bölmələrində xidmətə cəlb edilən tələbələrə həyatlarına təhlükədə olmadığını deyirlər.

Rusiya Müdafiə Nazirliyinin pilotsuz təyyarə bölmələrinə universitet və digər təhsil müəssisələrindən tələbələr cəlb olunur. Çox vaxt onlarla bir illik müqavilə, təxminən 5 milyon rubl (təxminən 50.000 avro, 58.000 dollar) və hərbi xidmətdən sonra pulsuz təhsil vədi verilir, həmçinin Ukraynada cəbhədən təhlükəsiz məsafədə yerləşdiriləcəkləri bildirilir.

Müşahidəçilərin sözlərinə görə, vədlər verilməsinə baxmayaraq, sonradan tələbələri daimi müqavilələr imzalamağa məcbur edirlər. Ən pis halda, onlar ölüm və ya yaralanma riskinin yüksək olduğu cəbhəyə göndərilirlər.

Təhsil müəssisələrinin veb saytlarındakı məlumatlarda və tələbələrin Telegram kanallarındakı paylaşımlarında qeyd olunur ki, universitetlər Müdafiə Nazirliyi ilə müqavilələr imzalamağın iddia edilən faydaları barədə tələbələri məlumatlandırmaq üçün işə qəbul ofislərinin və hərbi təlim mərkəzlərinin nümayəndələri ilə görüşlər keçirirlər.

Rusdilli informasiya portalı "Exo"nun məlumatına görə, Ukraynanın ilhaq edilmiş Krım yarımadası da daxil olmaqla, 23 bölgədə ən azı 70 təhsil müəssisəsi işə qəbul prosesində iştirak edir. Onların təxminən yarısı Rusiyanın paytaxtı Moskva və Sankt-Peterburqda  yerləşir.

Moskva universitetlərindən birində işləyən və təhlükəsizlik səbəbləri ilə “DW” ilə təxəllüsdən istifadə edərək danışan Yuri bildirib ki, müxtəlif universitetlərin rəhbərləri Rusiya baş nazirinin müavini, eyni zamanda təhsil və elm naziri olan Dmitri Çernışenko ilə görüşə çağırılıblar. Onlara universitetlərində Rusiya pilotsuz təyyarə bölmələrində xidmət etmək üçün tələbələrin cəlbini təşkil etmək tapşırılıb.

Yuri deyib ki, çağırış komissiyalarının nümayəndələri, "Xüsusi hərbi əməliyyat" veteranları və universitet əməkdaşları tələbələrlə müzakirələr aparırlar. Onun sözlərinə görə, hərbidə işə qəbul üçün standart bir format yoxdur, hər universitetin öz formatı var.

Bəzi bölgələrdə yerli təhsil nazirlikləri universitetlərin işə qəbul səylərini necə təşkil etməli olduğuna dair təlimatlar dərc ediblər. Rusiyanın müstəqil xəbər agentliyi olan “The Insider”-də fevral ayında dərc olunmuş məlumata görə, universitet administrasiyaları tələbələrə Müdafiə Nazirliyi ilə müqavilələr təklif edən elektron poçtlar da göndəriblər.

Digər müstəqil media platforması olan “T-invariant” yazır ki, hazırda bir çox universitet, o cümlədən dronların hazırlanması və ya istifadəsi ilə heç bir əlaqəsi olmayan universitetlər işə qəbulla məşğuldurlar.

"Əvvəlcə texniki universitetlərin tələbələri, sonra isə xaric edilmək təhlükəsi ilə üzləşənlər idi və indi bu, bütün tələbələrə təsir edib", - deyə “T-invariant” yazıb. Qeyd olunur ki, universitetlərə işə qəbul kvotaları verilib.

Yurinin müşahidələrinə görə, hər bir universitet üçün kvota ümumi tələbə heyətinin 0,5 faizindən 2 faizinə qədəridir.

"Əks-təqdirdə rektor və ya prorektor vəzifəsini itirmək riski ilə üzləşir", - deyə o əlavə edib. Məsələn, o, son zamanlar onun universitetində uğursuzluq nisbətinin kəskin şəkildə artdığını və universitetdən qovulma riski altında olan tələbələrin ya ordu ilə pilotsuz təyyarə bölməsində xidmət etmək üçün müqavilə imzalamaq, ya da hərbi xidmət keçmək seçimi ilə qarşılaşdıqlarını xatırladıb.

Universitetlərdə paylanan təbliğat materiallarında tələbələrin bir illik müqavilə imzalayıb sonra mülki həyata qayıda biləcəkləri iddia edilir. Lakin Rusiyada "xarici agent" kimi təsnif edilən qeyri-hökumət təşkilatı - Vicdanlılar Hərəkatının vəkili A. Klıqa qısamüddətli müqavilələrin mövcud qanunlara uyğun olmadığını bildirib.

O, tələbələrin imzaladığı müqavilələrin, ən azı Rusiya prezidenti Vladimir Putin qismən səfərbərliyə son qoyana qədər, faktiki olaraq müddətsiz olduğunu söyləyib. Klıqa məhkəmə qərarlarının müqavilələrin müddətsiz olduğunu təsdiqlədiyini söyləyib.

Klıqa izah edib ki, Rusiya qanunvericiliyi də şəxsin yalnız pilotsuz təyyarə bölmələrində xidmət edəcəyinə zəmanət vermir. "Əgər müqavilə imzalayıb tələbləri yerinə yetirməsəniz, bu, müqavilənin ləğvi və ya tərxis olunma demək deyil. Siz sadəcə, başqa bir bölməyə köçürülür və komandirin əmri ilə fərqli bir hərbi vəzifəyə təyin olunursunuz", - deyə Klıqa əlavə edib.
 
Hüquq müdafiəçisi deyib ki, Gürcüstanda yerləşən və Rusiyadan fərari olanlara dəstək verən Get Lost (Idite Lesom) hərəkatı vədlərin pozulduğu barədə məlumatlar alıb. Bir nümunədə, Sankt-Peterburq kollecinin tələbələri Rusiya Müdafiə Nazirliyi ilə müqavilələr imzalayıblar və müqavilələrdə hərbi texnika üzərində işləmək üçün yerli hərbi müəssisəyə göndəriləcəkləri vəd edilib. Lakin sonradan onlara cəbhə xəttində dron pilotu kimi çalışacaqları bildirilib.

Yanvarın əvvəlində “DW” ilə danışan və adının çəkilməməsini istəyən müqaviləli əsgər də oxşar bir vəziyyətlə üzləşib. O, müqavilə imzalayarkən ona komandanlıqda vəzifə vəd edildiyini və əvvəlcə belə olduğunu söyləyib. Lakin bir neçə aydan sonra o, qəfildən minatəmizləmə üçün mühəndislik bölməsinə köçürülüb. “DW” onunla yanvar ayının sonunda əlaqəsini itirib və onun Xarkov bölgəsində öldürüldüyünü deyilir.

Yuri “DW”-yə bildirib ki, universitetindəki tələbələrin Müdafiə Nazirliyi ilə hər hansı müqavilə imzaladığından xəbərsizdir. O, həmişə onları bu barədə xəbərdar etməyə çalışsa da, bu barədə məlumatın universitet rəhbərliyinə çata biləcəyindən ehtiyat etdiyini söyləyib. 

Yuri bir müddət akademik işinə diqqət yetirməyə çalışdığını söyləyib:

"Müəyyən bir nöqtəyə qədər özümü bu müharibədən uzaq tuta bildim. Amma indi universitetlər kazarmalara çevrilir. Mənim humanist dünyagörüşüm öz tələbələrimi ora [müharibəyə] göndərməyə imkan vermir".

V. Quliyev
 

Reklam