Aprelin 1-də Rusiya prezidenti Vladimir Putin ilə Ermənistanın baş naziri Nikol Paşinyanın Moskvada keçirilən görüşü zamanı və ondan sonra Rusiyanın rəsmi şəxsləri ictimai müzakirələrdə Azərbaycanın daxili işlərinə aid məsələlərə toxunublar.
Reyting.az xəbər verir ki, bu fikirlər Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Rusiyada Qarabağ bölgəsi ilə bağlı son günlər səsləndirilənlərə dair şərhində əksini tapıb.
Nazirliyin açıqlamasında bildirilib ki, bununla bağlı diplomatik kanallar vasitəsilə Qarabağ bölgəsindən siyasi spekulyasiyalar üçün istifadə olunmasının qəbuledilməzliyi barədə rəsmi Bakının mövqeyi, eləcə də bu cəhdlərin dayandırılması ilə bağlı gözləntilər Rusiya Prezident Administrasiyasının, hökumətin və XİN-nin diqqətinə çatdırılıb. Buna baxmayaraq, məsələ Rusiya tərəfinin rəsmi siyasi diskursunda qalmaqda davam edir.
Azərbaycan XİN qeyd edib ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov “Vesti” kanalına müsahibəsində Ermənistan-Rusiya münasibətlərinə toxunarkən bir daha Qarabağ bölgəsinin Azərbaycanın tərkib hissəsi kimi ilk olaraq Rusiya, yoxsa Ermənistan tərəfindən tanınması məsələsinə münasibət bildirib.
Azərbaycan XİN-nin şərhində vurğulanır ki, Qarabağ bölgəsinin Azərbaycanın ayrılmaz tərkib hissəsi olması hər hansı dövlətin qərarına deyil, tarixə, beynəlxalq hüquqa və ədalətə əsaslanır: “Bu, 2020-ci il 44 günlük Vətən müharibəsi və 2023-cü ildə keçirilmiş birgünlük antiterror tədbirləri nəticəsində bir daha təsdiqlənib və tam bərqərar olunub”.
Azərbaycan XİN Rusiya tərəfinə bir daha xatırladıb ki, Rusiya Federasiyası da daxil olmaqla, heç bir ölkə heç bir dövrdə Qarabağ bölgəsi də daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü sual altına qoymayıb.
“Azərbaycanın suverenliyinə aid məsələlərin, Rusiya-Ermənistan münasibətlərinin mürəkkəb olduğu hazırkı dövrdə, ictimai müstəvidə müzakirə predmetinə çevrilməyəcəyinə dair gözləntilərimizi bir daha Rusiya tərəfinin diqqətinə çatdırırıq”, - deyə XİN-nin şərhində qeyd olunub.