Advert
Advert

Rusiya peykləri orbitdə NATO peyklərini izləməyə başlayıb

Tarix:
 Rusiya peykləri orbitdə NATO peyklərini izləməyə başlayıb
Reklam

Rusiya hərbi peykləri Ukraynanın maraqları üçün istifadə olunduğu bildirilən Finlandiyanın "Iceye-X36" radar peykinin yaxınlığında bir sıra qeyri-adi manevrlər edib.

Reyting.az xəbər verir ki, Almaniyanın "Der Spiegel" jurnalının məlumatına görə, dörd Rusiya peyki sözügedən peykə 13 kilometrədək yaxınlaşıb. Bu isə Qərbin kosmik təhlükəsizlik üzrə mütəxəssisləri arasında narahatlıq yaradıb.

Qeyd olunur ki, radar peykləri buludlu hava, duman və ya qaranlıq şəraitindən asılı olmayaraq Yer səthinin görüntülərini əldə edə bilir. Bu xüsusiyyət onları hərbi münaqişələr zamanı xüsusilə dəyərli edir. Ukrayna bir neçə ildir ki, Rusiya qoşunlarının hərəkətlərini izləmək üçün "Iceye" peyk məlumatlarından yararlanır. Bu ilin əvvəlində isə Kiyev və şirkət əməkdaşlığın genişləndirildiyini elan edib.

Orbital aktivliyi izləyən özəl şirkət "Okapi:Orbits"in məlumatına görə, şübhəli fəaliyyət 2026-cı il aprelin 17-də Rusiyanın Plesetsk kosmodromundan "Soyuz-2.1b" raketinin buraxılmasından sonra başlayıb. Rəsmi məlumata əsasən, missiyanın hərbi xarakter daşıdığı bildirilib.

Daha sonra məlum olub ki, raket orbitə altı peyk çıxarılıb. Onlardan dördü - "Kosmos-2610", "Kosmos-2611", "Kosmos-2612" və "Kosmos-2613" may ayının ortalarından etibarən sürətlə "Iceye-X36" peykinə yaxınlaşmağa başlayıb.

"Der Spiegel"in yazdığına görə, bu manevrlər Almaniyanın Uedem şəhərində yerləşən Bundesverin Kosmik Vəziyyət Mərkəzi tərəfindən də yaxından izlənilib. Lakin hərəkətlərin məqsədi ilə bağlı Moskvaya ünvanlanan sorğular cavabsız qalıb.

Berlində yerləşən Elm və Siyasət Fondunun eksperti Yuliane Züss hesab edir ki, Rusiya peyklərə müdaxilə texnologiyalarını sınaqdan keçirmiş ola bilər.

“Rusiyanın yalnız çəkindirici təsir yaratmaq məqsədilə dörd tamamilə yeni peykdən istifadəsi və bunun üçün böyük həcmdə yanacaq sərf etməsi inandırıcı görünmür”, - deyə ekspert əlavə edib.

Mütəxəssislərin sözlərinə görə, peyklər təkcə bir-birinə yaxın trayektoriya ilə hərəkət etməyib, həm də sürətli orbital dəyişikliklər həyata keçiriblər. Bu isə əhəmiyyətli yanacaq ehtiyatı tələb edir.

ABŞ-ın kosmik müşahidə proqramlarının keçmiş rəhbəri Qreq Hillincer də apardığı təhlildə bu cür manevrlərin təsadüfi olmadığını vurğulayıb.

"Okapi:Orbits" şirkətinin baş direktoru Kristina Nikolaus da Rusiya peyklərinin hərəkətlərinin məqsədli şəkildə həyata keçirildiyinə əmindir.

“Bu, qəsdən edilib”, - deyə o bildirib.

Ekspert qeyd edib ki, buna bənzər hallar əvvəllər də yaşanıb, lakin onlar adətən yalnız məhdud mütəxəssis dairələrində müzakirə olunub.

Nəşrin qənaətinə görə, ən real ssenari peykin fiziki məhv edilməsi deyil, siqnalların tutulması, rabitəyə maneə yaradılması və ya məlumat ötürülməsinə müdaxilə kimi qeyri-kinetik imkanların sınaqdan keçirilməsidir.

Y. Züss hesab edir ki, Moskvanın məqsədlərindən biri Ukraynanın müəyyən müddət ərzində peyk məlumatlarından məhrum edilməsinə nail olmaq ola bilər.

V. Quliyev

Reklam