“Latviyanın NATO-nun himayəsi altında Rusiyaya qarşı zərbələrdə iştirakının nəticəsiz qalacağını düşünməsi böyük səhvdir”.
Reyting.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin “RİA Novosti”-yə müsahibəsində deyib.
Qaluzin Rusiyanın Xarici Kəşfiyyat Xidmətinin daha əvvəl yaydığı məlumatı xatırladaraq iddia edib ki, Latviya, Litva və Estoniya Ukrayna Silahlı Qüvvələrinin pilotsuz uçuş aparatlarının (PUA) öz ərazilərindən buraxılmasına, eləcə də ukraynalı PUA operatorlarının Latviya hərbi bazalarında yerləşdirilməsinə şərait yaratmağı planlaşdırırlar.
Diplomatın sözlərinə görə, Rusiya ərazisinə və mülki infrastruktura qarşı təxribatların planlaşdırıldığı bütün məkanlar, həmçinin Ukrayna və ya Ukraynaya aid olduğu bildirilən PUA-ların buraxılış və istehsal nöqtələri, yerləşdiyi ölkədən asılı olmayaraq, Moskva tərəfindən qeydə alınır və nəzarətdə saxlanılır.
Xatırladaq ki, bir gün əvvəl Latviya Prezidenti Edqars Rinkeviçs Rusiyanın NATO ölkələrinə qarşı eskalasiyaya gedə biləcəyini istisna etmədiyini və alyansın belə bir ssenariyə hazır olmasının vacibliyini bildirmişdi.
Bundan əvvəl isə Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda beynəlxalq xəbər agentliklərinin rəhbərləri ilə görüşdə Rusiya Prezidenti Vladimir Putin Rusiyanın NATO ölkələrinə hücum edə biləcəyi ilə bağlı iddiaları təxribat adlandırmışdı. O, Moskvanın heç bir ölkəyə hücum etmək niyyətində olmadığını bir daha vurğulamışdı.
Onu da qeyd edək ki, bundan əvvəl Avropa İttifaqının xarici siyasət rəhbəri Kaya Kallas da Rusiyanı "dağıdıcı nəticələr" barədə xəbərdar etmişdi.
E. Kamal